“Əlimdən gəldiyi qədər məşqlərə tez qoşulmağa çalışacağam ki, komandamın yanında olum, təcrübəmlə kömək edim”.


Rekord.az xəbər verir ki, bunu "Kəpəz"in futbolçusu İlkin Qırtımov klubun mətbuat xidmətinə açıqlamasında deyib.


Diz oynağındakı zədəsi səbəbindən cərrahiyyə əməliyyatı olunan təcrübəli müdafiəçi müvafiq tibbi prosedurlara əməl etdiyini bildirib:


"Müalicə, bərpa prosesi normal davam edir. Hər şey yaxşıdır. Davamlı müayinə olunuram. Şükür ki, ilk vaxtlar şiş olmadı. Əməliyyat uğurlu alınıb. Həkimlərin dediyi qaydada dizimi məşq etdirirəm. İnşallah, işlər arzuladığımız şəkildə gedər".


Futbolçu onunla maraqlananlara, xüsusilə də azarkeşlərə təşəkkür edib:


"Ürəyi "Kəpəz"lə döyünən bütün azarkeşlərimizə minnətdaram. İlk gündən dəstək verdilər. Onlar üçün dəyərli olduğumu hiss etdim. Komanda yoldaşlarım, klub rəhbərliyi də vəziyyətimi diqqətdə saxlayır, qayğı göstərir. Əlimdən gəldiyi qədər məşqlərə tez qoşulmağa çalışacağam ki, komandamın yanında olum, təcrübəmlə kömək edim".