
Komandamız Latviya açıq çempionatında ikinci olub
- 21 Fev 2025 11:00
- 76
Çimərlik voleybolu üzrə 18 yaşadək oğlanlardan ibarət Azərbaycan millisi Latviya açıq çempionatının əsas mərhələsində iştirak edib. "Rekord.az" xəbər verir ki, yarışda ümumilikdə 16 komanda (Azərbaycan 1, Estoniya 2, Litva 1 və Latviya 12) mübarizə aparıb.
Çempionat qrup və play-off mərhələsindən ibarət olub. Ölkəmiz açıq çempionatda gənc voleybolçularımız Məhəmməd Aslanlı və İbrahim Məmmədov cütü ilə təmsil olunub. Bütün rəqiblərinə qalib gələn voleybolçularımız yarımfinalda Estoniya komandası ilə qarşılaşıb və 2:0 (21:12, 21:10) hesabı ilə qalib gələrək finala yüksəlib. Gərgin keçən final matçında ev sahibinə 1:2 hesabı ilə məğlub olan təmsilçilərimiz yarışın gümüş medallarını qazanıblar.
Qeyd edək ki, komandamız latviyalı mütəxəssis Atvars Vildenin rəhbərliyi ilə fevralın 23-dək Latviyada təlim-məşq toplanışı keçəcək.