“Komandamız möhtəşəm mübarizə ilə qələbə qazandı”
- 04 İyn 2024 23:37
- 161
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində B Liqasının 1-ci qrupunda bu gün “Liv Bona Dea Arena”da Türkiyə yığması ilə keçirilən oyundan sonra fikirlərini bildirib.
Rekord.az xəbər verir ki, o, tribunalara toplaşan azarkeşlərə təşəkkürünü bildirib:
“Bizi dəstəkləməyə gələn azarkeşlərimizə təşəkkür edirəm. Sayları az olsa da, sona qədər komandanın gücünə güc qatdılar. Həmçinin komandama təşəkkürümü bildirirəm. Qızlarımız sübut etdilər ki, Azərbaycanda qadın futbolu inkişafdadır. Türkiyə Superliqasında yüksək səviyyəli 16 klub çıxış edir. Milli komandaları üçün seçim imkanları genişdir. Buna baxmayaraq, bu gün komandamız möhtəşəm mübarizə ilə qələbə qazandı.
Ərzincandakı görüşdə hakimlərin idarəçiliyi ürəyimizcə olmamışdı. Qapımıza heç nədən penalti təyin olundu, üstəlik, bizim lehimizə bir onbirmetrlik verilmədi. Həmçinin qızlarımızda həyəcan da var idi. Çünki böyük kütlə qarşısında çıxış edirdilər. Türkiyədəki oyunda minimum 1 xal qazana bilərdik”.
Türkiyə yığması üzərində 1:0 hesablı qələbə qazanan Azərbaycan milli komandası xallarının sayını 4-ə yüksəldib. Millimiz qrupda növbəti oyununu iyulun 12-də “Liv Bona Dea Arena”da Macarıstan kollektivinə qarşı keçirəcək.