Çimərlik voleybolçularımız 20 yaşlıların Avropa çempionatında (U-20) əsas mərhələyə yüksəliblər. "Rekord.az" xəbər verir ki, qızlardan və oğlanlardan ibarət komandalarımız Polşanın Myslowice şəhərində keçirilən qitə birinciliyində mübarizəyə iyulun 24-də təsnifat mərhələsindən başlayıblar.

Ölkəmizi təmsil edən Nəriman Bayramlı/Muhammad Aslanlı cütü təsnifat mərhələsində Kosova təmsilçilərinə 2:0 hesabı ilə qalib gəlib, Andora cütünə 1:2, Şotlandiyaya isə 0:2 hesabı ilə məğlub olublar.

Qızlardan ibarət komandamız (Səbinə Əlizadə/Lizi Latsabidze) isə təsnifat mərhələsində iki görüş keçirib. Andoranı 2:0 hesabı ilə məğlub edən qızlarımız Şotlandiyaya 0:2 hesabı ilə uduzublar.

Qaydalara uyğun olaraq qızlardan ibarət komandamız əsas mərhələyə vəsiqə qazanıb, oğlan komandamız isə mübarizəni dayandırıb. Qızlarımız bu mərhələdə C qrupunda İspaniya, Serbiya və İngiltərə komandalarına qarşı yarışacaqlar. Qrup oyunları 25-26 iyul tarixlərində baş tutacaq. Yarışın qalibləri isə iyulun 28-də müəyyən olunacaq.

Avropa çempionatında oğlanlarımız Joanildo Costa Juniorun, qızlarımız isə Nihad Tarverdiyevin baş məşqçiliyi ilə yarışırlar.

Qeyd edək ki, Azərbaycanın çimərlik voleybolu tarixində ilk dəfə 18 yaşlı qızlarımız Avropa çempionatında (U-20) əsas mərhələdə iştirak edirlər.