“Komanda formalaşdırmaq vaxt alan bir şeydir. Ona görə belə nəticələrin olması təbiidir. Çalışırıq ki, komandanı yaxşı vəziyyətə gətirək, ən azından ötən ilki kimi mübariz kollektiv yaradaq”.

Rekord.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Adil Şükürov Misli Premyer Liqasının 2-ci turunda "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

“İlk növbədə məşqçi olaraq özümüz komandaya inanmalıyıq. Və futbolçular bunu görməlidirlər. "Kəpəz" sıradan yox, tarixi klubdur. Komandanın bu cür məğlubiyyətləri çox acıdır. Azarkeşlər belə nəticələri qəbul etmir, elə biz də onlar kimi. Bu vəziyyətə düşməyi istəmirik. Yenidən komanda qururuq. Heyətin 80-90 faizi təzə gələn oyunçulardır" - deyə o bildirib.