“Komandanın tam hazır olması üçün bizə 1-2 həftə lazım olacaq”
- 18 Okt 2024 17:45
- 189
“Rəqibi izləmək şansım olmayıb”.
Rekord.az xəbər verir ki, bunu "Abşeron"un baş məşqçisi Erhan Toker Azərbaycan Basketbol Liqasında keçirəcəkləri ilk oyundan öncə klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis komandanın hazırlıq səviyyəsini dəyərləndirib:
"Hazırlıqlarımız davam edir. Matçdan öncə bu gün daha bir məşqimiz olacaq. Hazırkı duruma görə zədəli oyunçumuz yoxdur. Ümumi olaraq oyun gününə qədər tam hazır olmağa çalışırıq. Əvvəlki açıqlamalarımda da dediyim kimi, komanda hələ də tam hazır deyil. Bunun üçün bizə 1-2 həftə lazım olacaq".
O, rəqib haqda da danışıb:
"İlk oyunda NTD ilə qarşılaşırıq. Onları izləmək şansım olmayıb. Nədənsə yoxlama matçlarını qapalı şəraitdə keçirdilər. Bu məsələni bir qədər anlamadım. Səhv etmirəmsə, 2 yoxlama oyununda güclərini sınayıblar. Çox xal qazanan kollektivdir. Onlara qarşı yaxşı müdafiə olunmalı olacağıq. Rəqibə hörmətlə yanaşırıq. Lakin necə bir komandaya qarşı oynayacağımızı yalnız oyun başlayanda biləcəyik".
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümünə bu gün start veriləcək. NTD - "Abşeron" görüşü sabah, saat 12:30-da Bakı İdman Sarayında keçiriləcək.