KONKAKAF daha bir turniri təxirə saldı
- 05 Apr 2020 11:30
- 663
Şimali Amerika, Mərkəzi Amerika və Karib hövzəsi futbol federasiyası (KONKAKAF) koronavirus pandemiyası ilə əlaqədar daha bir neçə mühüm turniri təxirə salmağa qərar verib.
Rekord.az xəbər verir ki, sözügedən qurum Millətlər Liqasının final mərhələsini təxirə salıb.
Bu barədə KONKAKAF-ın rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, iyunun 4-7-də Hyuston və Dallasda keçirilməsi nəzərdə tutulan Millətlər Liqasının final mərhələsinin oyunları təxirə salınıb. KONKAKAF rəhbərliyi buna FİFA-nın tövsiyəsi əsasında qərar verib.
Qeyd edək ki, KONKAKAF Millətlər Liqasının final mərhələsində Kosta Rika, Honduras, Meksika və ABŞ yığmaları mübarizə aparacaq. Bu oyunların harada və nə vaxt keçiriləcəyinə daha sonra qərar veriləcək.
KONKAKAF Millətlər Liqasından başqa Qızıl Kubokun təsnifat oyunlarını, həmçinin Karib dənizi klub çempionatını da qeyri-müəyyən müddətə təxirə salıb.