Koronavirus BOS-u necə vurub?
- 14 İyl 2020 15:00
- 818
Koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, dolayısıyla büdcəsinə vurduğu ziyan bir çox sahələr kimi, idmandan da yan keçməyəcək. Artıq indidən böhran simptomları görünməkdədi. Premyer-liqa təmsilçilərinin büdcəsindəki azalma bunun bariz nümunəsidi. Hətta ötən ay jurnalistlərə müsahibə verən “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl rəhbərlik etdiyi klubun büdcəsində də azalmanın olacağını gizlətməmişdi.
Bu halın idman qurğularına nə dərəcədə təsir etdiyi, yaxud edəcəyi də maraq doğurur. Bildiyiniz kimi, bu gün ölkənin bir nömrəli arenası Bakı Olimpiya Stadionudu. Fantastik məbləğ qarşılığında araya-ərsəyə gələn idman qurğusunun “ayaqda durması” üçün kifayət qədər xərc tələb olunur. Gələn ilə təxirə salınan Avropa çempionatının 4 oyunu BOS-da keçiriləcəkdi deyə, marta qədər stadiona xüsusi diqqət ayrılırdı. Lakin tarixlə bağlı “sürüşmə” qərarından sonra arenanın hansı durumda olduğunu, maliyyə baxımından korluq çəkib-çəkmədiyini bilmirik. Çünki orda söhbət təkcə qazonlara qulluqdan getmir. Stadionun nəzdində kifayət qədər obyektlər var ki, onların qulluğu və mühafizəsi işçi qüvvəsi tələb edir. Bu isə yetərincə maliyyə deməkdi.
BOS-un direktoru Cavid Qarayevlə əlaqə saxlamaqda məqsədimiz də rəhbərlik etdiyi idman qurğusunun son durumunu öyrənmək idi: “Maliyyə sarıdan problemin olmadığını deməliyəm. Bildiyiniz kimi, stadion SOCAR-ın balansındadı və birbaşa şirkətdən maliyyələşirik. Ona görə də maaş və ödənişlərlə bağlı hansısa çətinlik çəkdiyimizi deyə bilmərəm. Əsas çətinliyimiz tərəfdaşlar, yəni ərazidəki obyektlər ilə bağlıdı. Stadionun nəzdində trenajor zalı, kafe və ofislər fəaliyyət göstərir ki, pandemiyaya görə hamısı bağlıdı. Bu isə icarəhaqqı itkisi deməkdi. Hamıda necə, bizdə də elə”.
Cavid bəy qazonlarla bağlı da narahatlığın olmadığını diqqətə çatdırdı: “Stadionun əsas və yardımçı meydanlarına əməkdaşlarımız yox, əməkdaşlıq etdiyimiz şirkətin işçiləri nəzarət və qulluq edir. Müqavilə şətlərinə görə müəyyən öhdəlikləri var ki, ona uyğun hərəkət edirlər. Əminliklə deyə bilərəm ki, bu baxımdan heç bir problem yoxdu. BOS-la bağlı heç bir narahatlıq yoxdu, hər şey qaydasındadı”.
Xəbər verdiyimiz kimi, yığma sentyabrda Millətlər Liqasında mübarizəyə qoşulacaq. Və elə həmin ayın 5-də ilk rəqibi Lüksemburqu Bakıda qəbul edəcək. Düzdü, oyunun startına 2 aya yaxın vaxt var. Lakin matçın hansı stadionda keçiriləcəyi hələ dəqiqləşməyib. Fürsətdən istifadə edib Qarayevə bu mövzuda da sual ünvanladıq. Ki, AFFA-nın Lüksemburq – Azərbaycan qarşılaşmasını Olimpiya stadionuna təyin etməsi ağlabatandı? Belə bir ideya olarsa, arena hazır vəziyyətdə olacaq? Dinləyək: “Dediyim kimi, stadionla bağlı heç bir problem yoxdu. Amma matçın harda keçiriləcəyini deyə bilmərəm. Bu sualı AFFA rəsmilərinə versəz, daha dolğun cavab ala bilərsiz”. ("Futbol plus" qəzeti)