Koronavirusa görə müqaviləsi ləğv olundu, klubu məhkəməyə verdi
- 10 Apr 2020 15:21
- 765
İsveçrəli futbolçu Yohan Djuru “Sion” klubunu məhkəməyə verib.
Rekord.az xəbər verir ki, buna İsveçrə təmsilçisinin koronavirus pandemiyasına görə yaranmış məcburi fasilə dönəmində maaşının azaldılmasına razı olmadığı üçün 33 yaşlı futbolçu ilə müqaviləni ləğv etməsi səbəb olub.
Djuru ilə yanaşı, daha 8 futbolçunun müqaviləsinə xitam verilmişdi. Lakin İsveçrə millisinin sabiq müdafiəçisi bu qərarla razılaşmayıb və klubu məhkəməyə vermək qərarına gəlib.
Futbolçu yerli mətbuata verdiyi açıqlamada bunları söyləyib: “Mən təzminat almaq və ya komandaya dönmək üçün şikayətçi deyiləm. Məqsədim ortalıqdakı səhvi məhkəmə vasitəsilə düzəltməkdi. Biz pul dalınca qaçan insanlar deyilik”.
Djuru məhkəmədə qalib gələcəyi halda, alacağı təzminatı yardım fondlarından birinə bağışlayacağını açıqlayıb.