Futbol üzrə Kipr yığması UEFA Millətlər Liqasında Monteneqro və Azərbaycana qarşı keçirəcəyi oyunlar öncəsi ciddi itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, sözügedən komandanın əslən serb olan futbolçusu Aleksander Qogiç qarşıdakı matçları buraxacaq.

Bu barədə Kipr Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Hazırda Şotlandiya "Hibernian"ında çıxış edən 26 yaşlı müdafiəçidə koronavirus aşkarlanıb. İlk analizi müsbət çıxan oyunçunun sonrakı test nəticələri mənfi olsa da, Şotlandiyadakı qaydalara görə, Qogiç və ailəsi 10 günlük karantinə alınıb. Bu üzdən də onun adı millinin heyətindən çıxarılıb.

Bununla bağlı şəxsi "Twitter" hesabında paylaşım edən futbolçu məyus olduğunu bildirib: "Böyük kədər və məyusluqla demək istəyirəm ki, Monteneqro və Azərbaycanla qarşıdan gələn iki matç üçün Kipr millisinə qoşula bilmirəm. Çox təəssüf ki, avqustun 28-də COVID-19 testim pozitiv çıxdı. Aldığım göstərişlərə görə, evimdə on günlük təcrid olunmalıyam. Yığmaya uğurlar arzulayıram. Sizi evdən dəstəkləyəcəyəm. Oktyabrda yenidən görüşəcəyimizə ümid edirəm".

Qeyd edək ki, sentyabrın 8-də Nikosiyadakı GSP stadionunda keçiriləcək Kipr - Azərbaycan matçına Bakı vaxtı ilə saat 22:45-də start veriləcək. Eyni arenada baş tutacaq Monteneqro ilə görüş isə sentyabrın 5-nə təsadüf edəcək.