“Koronavirusa yoluxduğum üçün Olimpiadaya gedə bilmirəm”
- 21 İyl 2022 20:00
- 550
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çennay şəhərində keçiriləcək 44-cü Ümumdünya Şahmat Olimpiadasında iştirak etməməsinin səbəbini açıqlayıb.
Rekord.az xəbər verir ki, 35 yaşlı qrossmeyster bunun səhhəti ilə bağlı olduğunu bildirib:
“Mən bütün şüurlu həyatımı şahmata, həm fərdi, həm də komanda yarışlarında ölkəm – doğma Azərbaycanım üçün oynamağa həsr etmişəm. Şahmat karyeram ərzində əldə etdiyim nailiyyətləri sadalamaq istərdim:
Gənclər arasında Avropa çempionatında 4 qızıl medal, onlardan birini 12 yaşımda 18 yaşa qədər kateqoriyada qazanmışam. Bu nəticə indiyə qədər təkrarlanmayan rekord olaraq qalır.
Yeniyetmələr arasında dünya çempionatının qızıl medalı.
14 yaşında beynəlxalq qrossmeyster və kişilər arasında FİDE-nin dünya reytinq siyahısında ilk 100-lüyə daxil olan ən gənc şahmatçı kimi tarixə düşdüm. 15 yaşında Linaresdə keçirilən turnirdə o, vaxtlar dünya şahmat reytinqində birinci olan Harri Kasparovu məğlub etdim. Həmin il Ruslan Ponomaryov və Vişvanatan Ananda qalib gəlməklə tarixdə bir il ərzində üç dünya çempionunu məğlub edən ilk şahmatçı oldum.
“Dünya yığması”nın heyətində Rusiya komandasına qarşı tarixi matçda qələbə sevinci yaşadım. 2002-ci ildə Rusiya komandasının tərkibində Kasparov, Kramnik, Karpov və digər ən yaxşı şahmatçılar çıxış edirdi.
Kişilər arasında dünya çempionatının bürünc mükafatçısı, Liviya 2004.
2005-ci ildə kişilər arasında Avropa çempionatının gümüş mükafatçısı.
Avropa Çempionlar Kubokunun beşqat qalibiyəm. Həmçinin SOCAR Azərbaycan şahmat klubunun üzvü kimi Avropa Çempionlar Kubokundə birincilik əldə etmişəm.
Mən bir çox beynəlxalq superturnirlərin, Qran Pri seriyalı turnirlərin qalibi və 2015-ci ildə Berlində sürətli şahmat üzrə dünya çempionatının bürünc mükafatçısıyam.
2019-cu ildə gərgin mübarizədə finalda dünyanın reytinq üzrə ikinci şahmatçısı çinli Dinq Lireni məğlub edərək Dünya Kubokunda ölkəmizə qızıl gətirməyi bacardım.
Həmin ilin yekunlarına görə Azərbaycanın ən yaxşı idmançısı kimi tanındım.
2021-ci ildə Maqnus Karlsenin “Championship Tour” silsiləsindən “Airthings Masters” turnirinin finalında gərgin mübarizənin yekununda Levon Aronyanı məğlub edərək turnirin qalibi oldum. “Championship Tour” yarışının final turnirində dünya çempionu Maqnus Karlsendən sonra ikinci olmaqla mötəbər yarışda ikinci yeri tutdum.
2022-ci ildə Madriddə dünya şahmat tacına iddialı 8 ən yaxşı şahmatçı iştirak etdiyi Namizədlər Turnirində üçüncü yeri tutaraq ölkəmə bürünc medal qazandırdım.
İlk dəfə 2001-ci ildə, 14 yaşım olanda millidə oynamağa başladım və bu günə qədər bir çox fiziki, psixoloji və digər problemlərə baxmayaraq, ölkəm və xalqım üçün oynamışam. Azərbaycan millisinin tərkibində üçqat Avropa çempionu oldum. 30 ildən artıqdır ki, mən şahmatda ölkəm üçün oynayıram, onun maraqlarını beynəlxalq arenada, şahmatda və ondan kənarda müdafiə edirəm, xalqımızın mənafeyini qoruyuram və bütün gücümlə dövlətimizin bayrağını yüksəklərə qaldırmağa çalışıram.
İndi mən səhhətimə görə məcburi – fors-major vəziyyətdə Olimpiadada iştirak etməməyimlə bağlı vəziyyəti izah etmək istərdim. Uzun müddətdir ki, müalicə üçün dərman qəbul edirəm, şiddətli fiziki ağrılar yaşayıram. İstənilən peşəkar şahmatçının həyatında və karyerasında əsas turnir olan Namizədlər Turniri gözlənildiyi kimi mənim üçün fiziki və psixoloji sağlamlığımı tamamilə pozan ən çətin sınaq oldu.
Həmçinin, turnirdən qayıdandan sonra yüksək hərarət, ağır öskürək və post-covid sindromu ilə ağırlaşmalara səbəb olan kovid xəstəliyinə tutuldum. Səhhətimin hazırkı durumunda milli komandaya xeyir verə bilmərəm, bir müddət bərpa olunmağa məcburam. Nəzərinizə çatdırım ki, həkimlər bir neçə ay ərzində ambulator müalicəni tövsiyə etməklə hər hansı bir psixo-emosional stressi qadağan edib.
Peşəkar şahmata qayıtmaq və gələcəkdə ölkəmin milli komandasına xeyir vermək üçün hər şeyi edəcəyəm. Azərbaycan milli komandasındakı bütün yoldaşlarıma qarşıdan gələn Olimpiadada uğurlar arzulayıram, onlara azarkeşlik edərək bütün görüşləri izləyəcəm və komanda yoldaşlarımlar birgə həyəcanlanacam.
Ümid edirəm ki, yenidən Azərbaycan millisində yüksək səviyyədə yarışa biləcəyəm!”