“Qarabağ” gürcüstanlı qapıçı Luka Quqeşaşvilini heyətinə qatdı. Şahruddin Məhəmmədəliyevlə Emil Balayevin zədələnməsi və cərrah masasında uzanmasından sonra yeni qapıçının gəlişi gözlənilən idi. Amma heç şübhə etmirəm ki, qapıçıların hansısa əməliyyat olunmasaydı belə “Qarabağ” yeni qapıçını heyətinə qatacaqdı. Emil Balayev vəlvələdən və ya zəlzələdən formasını itirib. Uzun müddət ehtiyatda qalan istedadlı qapıçı bir zamanlar olduğu qədər inamlı görünmür. Rəqabət hiss etməyən Şahruddin də bunun əziyyətini çəkməyə başladı. Dağıstanlı qapıçı xaraktercə onsuz da özündən razı idi. Həm millidə, həm də “Qarabağ”da özünə rəqib görməməsi onun bu şakərini daha da gücləndirdi. Bir qədər də obyektiv amillər həmin şakərin üzərinə əlavə olunandan sonra Şahruddin xətalı qollar yeməyə, “Qarabağ”ı çətin vəziyyətdə qoymağa başladı. Luka Quqeşaşvili “Qarabağ”a “Yagelloniya”dan gəlsə də, Polşa çempionatında özünü təsdiqləyə bilməyib. Ümid edək ki, Qurban Qurbanovun etimadı doğrulacaq, gürcü Luka “Marsel”lə oyunlarda “Qarabağ”ın qapısını alınmaz qalaya çevirəcək. 


Biz isə mövzumuzu davam edək. “Qarabağ”dan sonra “Sabah” da qapısını etibar etmək üçün əcnəbiyə dəvət göndərdi. Belarusun “Rux” komandasından “Sabah”a keçən Aleksandr Neçayev Azərbaycan Premyer Liqasının növbəti legioneridi. Artıq “Neftçi”nin də əcnəbi qapıçısı var. Samir Abasovun israrlı tələblərindən sonra “ağ-qaralar” xorvatiyalı qapıçı İvan Brkiç ilə 1,5 illik müqavilə bağlayıb. 26 yaşlı xorvat “Neftçi”nin 1 nömrəli formasını geyinəcək. Zamanında Kamran İbrahimova yetərincə şans verilsəydi, indi “xalq komandası”nın “1 nömrəsi” öz yetirməsi olardı. Amma günün reallığı belədi, biz də bu məqamın müzakirəsini növbəti yazılarımıza saxlayaq. “Zirə”nin də əsas qapıçısı “milliləşdirilmiş” dağıstanlı Mehdi Cənnnətovdu. “Keşlə”nin qapısını toxunulmaz saxlamağa çalışan Stanislav Namaşko Moldovadandı. Maraqlıdı ki, “Qəbələ”nin də əcnəbi qapıçısı var. Amma ispaniyalı Assimba Atanqana gənc azərbaycanlı Nicat Mehbalıyevin əvəzedicisi hesab olunur.


Mənzərə nəyi göstərir? Şahruddin Məhəmmədəliyevlə Mehdi Cənnətovu da nəzərə alanda səkkiz komandalı Azərbaycan Premyer Liqasında 7 əcnəbi qapıçı var. “Səbail” yaxşı vaxtlarında legioner qapıçılara sevə-sevə qucaq açırdı. “Sumqayıt”ın isə durumu bəllidi. Yəqin ki, Riad Rəfiyevə yaxşı iranlı qapıçı təklif edilməyib. Edilsəydi, indi “Sumqayıt”da da azı bir “milliləşdirilmiş” qapıçı olardı. Zarafat öz yerində, amma 8 komandaya 7 legioner qapıçı yetərincə dəhşətli rəqəmdi. Reallıq onu göstərir ki, günümüzdə Azərbaycan futbolu təkcə qol vuran hücumçu yox, etibarlı “çərçivə” qoruyucusu da yetişdirə bilmir. İllər öncə U-21 millisini çalışdıran Yaşar Vahabzadəyli AFFA-nın həyətindəki təsadüfi görüşümüz zamanı ayaqüstü söhbətləşmişdik.

“Milliləşdirmə” siyasətinə də giley-güzar etmişdim. Həmsöhbətim “yaxşı ki, Şahruddin var. Boyu balaca olsa da, “çərçivə”də nəsə etməyə çalışır. Ondan başqası yoxumuzdu” demişdi. Zaman göstərdi ki, Vahabzadə haqlı imiş. Dmitri Kramarenkoyla Kamran Ağayevdən sonra etibarlı qapıçımız yoxdu. Bu gedişlə olacağı real görünmür də. Çox təəssüf!