Kubokun finalçıları azarkeşsiz oynamaqdan imtina etdilər
- 05 May 2020 11:40
- 598
İspaniyanın “Atletiko” və “Real Sosyedad” klubları ölkə kubokunun final qarşılaşmasının azarkeşli keçirilməsini istəyirlər.
Rekord.az xəbər verir ki, 2019/20 mövsümünün finalında məhz bu iki klub həlledici oyuna vəsiqə qazanıblar.
Lakin koronavirus pandemiyası səbəbindən İspaniyada da bütün futbol yarışları təxirə salınıb. La Liqa ilə yanaşı, kubokun final qarşılaşmasının da nə vaxt keçiriləcəyi bilinmir. Böyük ehtimalla, turnirlər bərpa olunsa belə, oyunlar azarkeşsiz keçiriləcək. Lakin “Atletik”lə “Real Sosyedad” final matçının boş tribunalar qarşısında keçirilməsinə razı deyil. Bu barədə sözügedən klubların birgə yaydığı bəyanatda bildirilir.
“Finalda qarşılaşmalı olan klublarımızın prezidentləri arasında görüş keçirilib. Prezidentlərimiz federasiyanın həlledici qarşılaşmanı azarkeşlərin də iştirakının mümkün olacağı bir tarixdə keçirilməsini tələb edir. Qalibin Avropa Liqasına vəsiqə qazanacağı finalın rəsmi qarşılaşma olaraq keçirilməsini istəyirik”.
Artıq İspaniya Futbol Federasiyası da bu məsələ ilə bağlı mövqeyini açıqlayıb. Qurumun bəyanatında bildirilir ki, bu qarşılaşmanın 2020/21 mövsümündəki finaldan öncə keçirilməsinə çalışacaqlar.
Qeyd edək ki, “Real Sosyedad” - “Atletik” matçı aprelin 18-də keçirilməli idi.