“Barselona”nın baş məşqçisi Ronald Kuman Çempionlar Liqasının 1/8 final mərhələsində PSJ-yə qarşı keçirdikləri cavab oyununu şərh edib.

Rekord.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan niderlandlı mütəxəssis, 1:1 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“PSJ-yə qarşı yaxşı oyun keçirdik. Düzdür, mübarizəni dayandırdıq və çox məyus olduq. Ancaq bu matçda PSJ-yə çətinlik yarada bildik. İlk hissədə əla futbol göstərdik.

Fasiləyə üstün yollansaydıq, hər şey fərqli ola bilərdi. Risk aldıq, çoxlu qol imkanları yaratdıq. Lakin bunları qola çevirə bilmədik.

“Barselona”nın fərqli yolu var. Kriştiano Ronaldo və Lionel Messinin 1/4 final mərhələsinə yüksələ bilməməsi təəssüfləndiricidir.

Messi gələcəyiylə bağlı qərar verməlidir. Heç kim bununla bağlı Messiyə kömək etməyəcək. Artıq indi o görür ki, komanda düzgün istiqamətdə hərəkət edir.

Etdiyimiz dəyişiklikləri və böyüyən gənc futbolçu sayını nəzərə alsaq, o, bu komandanın gələcəyinə şübhə edə bilməz.

Prezidentimiz də daxil olmaqla, hər kəs fəxr edə bilər. Əsl üzümüzü göstərdik, ilk saniyədən son saniyəyə qədər bu görüşdə qalib gəlmək istəyən “Barselona”nı gördük”,

“Barselona” iki oyunun (ilk oyun 1:4, cavab oyunu 1:1) nəticəsinə görə PSJ-yə uduzaraq, ÇL-də mübarizəni 1/8 final mərhələsində dayandırıb.