Qazaxıstanın “Kayrat” komandasının baş məşqçisi Kurban Berdıyev  Avropa Konfrans Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Konfrans Liqası və Qazaxıstan kubokunu ayırmırıq, bütün oyunlar bizim üçün vacibdir. Hər iki turnirdə qalib gəlmək istəyirik. “Qarabağ”la Bakıdakı görüşün ilk yarısında olduğu kimi bütün 90 dəqiqəni oynasaq, müsbət nəticəyə nail ola biləcəyik. Komandamızın oyununda müsbət dəyişikliklər görürəm. Ancaq zonalar arasında tarazlığa nail olmalıyıq”.

69 yaşlı türkmənistanlı baş məşqçi, polşalı yarımmüdafiəçi Yatsek Quralskinin hələ tam formada olmadığını deyib. Onun dediyinə görə, Quralski bütün 90 dəqiqə ərzində meydanda ola bilməz:

“Oyunun gedişatına və onun bizə nə qədər faydalı olmasına baxacağıq”.

Berdıyev, Bakıya gəlməyən erməni yarımmüdafiəçi Kamo Ohanesyanın Almatıda meydana çıxma ehtimalından da danışıb:

“Qarabağ”ın sol cinahı çox güclüdür. Bu, hücumun təhlükəli istiqamətidir. Həmin cinahda oynamaq bizim üçün ağır idi. Görək, sabah Ohanesyan start heyətdə oynayacaqmı”?

Noyabrın 4-də Almatı şəhərindəki “Ortalık” stadionunda keçiriləcək “Kayrat” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 19:30-da start veriləcək.