"Kür"də hesabat
- 22 Dek 2022 16:43
- 423
Dünən Mingəçevirdə yerləşən "Kür" otelində Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) rəsmiləri media mənsubları önünə çıxıb.
Rekord.az xəbər verir ki, illik hesabat xarakterli toplantıya federasiyanın vitse-prezidenti Fərid Əmirov, baş katib Fərhad Əliyev və qurumun mətbuat xidmətinin rəhbəri Vüsal Qurbanov qatılıb.
Öncə jurnalistlərə 2022-ci ildə görülən işlər, qazanılan nəticələr və gələcək planlar barədə məlumat verilib. Kür çayı ilə yanaşı, Neftçaladakı Axmaz gölündə baş tutan turnirin yerli idmançıların üzə çıxması baxımından əhəmiyyətli olduğu diqqətə çatdırılıb. AKAF-ın Xəzər dənizində test yürüşü keçirdiyi, yaxın gələcəkdə dünya okeanından daha az duzlu Xəzərdə sahil avarçəkməsi üzrə təlim-məşq toplanışlarının, yarışların təşkilinin nəzərdə tutulduğu bildirlib. Bu plan həyata keçiriləndən sonra əhalisi sıx olan Bakıda avarçəkmənin populyarlaşaraq gənclər və yeniyetmələr üçün əlçatan olacağı qabardılıb. Ardından isə xüsusi video-çarx nümayiş etdirilib.
Daha sonra federasiya rəsmiləri jurnalistlərin suallarını cavablandırıblar. O da məlum olub ki, Həkəri çayının Qubadlı, Köndələnçayın Füzuli ərazisindən keçən hissəsində, eləcədə də işğaldan azad olan digər ərazilərdəki su hövzələrində monitorinqlər aparılacaq. Bu ilin oktyabrında Suqovuşanda beynəlxalq səviyyəli yarış keçirmiş qurumun nümayəndələri Qarabağ ərazisindəki dağ çaylarının müxtəlif turnirlər üçün əlverişli olduğunu açıqlayıblar.