Koronavirus pandemiyasına görə təxminən iki aydı fasilə verilən İspaniya La Liqasında qadağalar tədricən ləğv olunmağa başlayır.

Rekord.az xəbər verir ki, La Liqa rəhbərliyi klubların bu həftədən etibarən məşqlərə başlaya biləcəyini açıqlayıb.

Lakin qərara əsasən, La Liqa və Sequnda klublarının futbolçuları hələlik fərdi qaydada məşq edəcəklər. Mövcud vəziyyətlə əlaqədar bütün klublar öncədən açıqlanan sağlıq protokoluna əsasən hazırlıq keçə biləcəklər.

Qeyd edək ki, La Liqada 2019/20 mövsümünün iyunda bərpası planlaşdırılır.

Yeri gəlmişkən, İspaniya kubokunun 2019/20 mövsümünün finalına vəsiqə qazanan “Atletik” və “Real Sosyedad” klubları da federasiya ilə prinsipial razılığa gəliblər. Sözügedən klublar həlledici qarşılaşmanın azarkeşlərlə keçirilməsi üçün şərait yaranana qədər gözləmək istədiklərini bəyan ediblər.