İspaniyada koronavirus pandemiyasına görə La Liqa 2021-ci ilə qədər azarkeşsiz keçiriləcək.

Rekord.az xəbər verir ki, ölkənin baş naziri Pedro Sançes bu barədə La Liqanın rəhbəri Xavyer Tebası məlumatlandırıb. Futbol yarışlarının azarkeşsiz keçirilməsi qərarı klublara da bildirilib.

İspaniyada matçların azarkeşsiz oynanılması klublara böyük maliyyə itkisi yaşadacaq. La Liqanın rəhbəri Tebas, klublara maliyyə sabitliyini qorumaq üçün tədbirlər görmələrini deyib.

İspaniya La Liqasının iyunun əvvəlində bərpa olunacağı iddia olunur.

Yeri gəlmişkən, mövsüm bərpa olunacağı halda, oynamaq istəməyən klublar və futbolçular cəzalandırılacaq. Bu barədə La Liqanın prezidenti Xavyer Tebas AS nəşrinə açıqlamasında deyib. O, La Liqanın koronavirusa görə erkən bitiriləcəyi halda, nə qədər maddi ziyana uğrayacaqlarını da açıqlayıb:

“Oynamaqdan imtina edən klublara və futbolçulara nə olacaq? Klub üçün ilkin variant texniki məğlubiyyətin verilməsidi. Ancaq onlar bizə desə ki, oynaya bilirik, lakin komanda üzvləri bundan imtina edir, onda futbolçulara sanksiyalar tətbiq ediləcək. Mövsüm erkən bitirilsə, təxminən 1 milyard avroya yaxın itki olacaq. Oyunlar azarkeşsiz keçirilsə də, 350 milyon avroya pul itirəcəyik”.