Nəhayət, Mehdi Hüseynzadə" adına stadionda siftə elədim, oyuna baxdım. Düzdür, ayağm düşmədi, ümid edirəm, Samir Abasov məğlubiyyətə görə məni də günahkar saymayacaq. Açılışdan sonra mövcud olan bir sıra çatışmamazlıqlar həqiqətən də aradan qaldırılıb. Öz sahəmə aid olduğu üçün deyim ki, media sektorda jurnalistlər üçün hər cür şərait yaradılıb. Ölkədə yeganə stadiondur ki, jurnalistlər üçün 3 şüşəli otaq da ayırılıb. İşıqlandırma da yüksək səviyyədə idi, əvvəlki işıqlandırmanı görən şəxs kimi deyərdim ki, böyük fər var.



Ən çox müzakirə olunan azarkeş məsələsinə qısa toxunacam, çünki bununla bağlı ayrıca yazacam. Toxunulası vacib çox ciddi, obyektiv səbəblər var. "Sumqayıt" rəhbərliyi stadiona daha çox azarkeş gəlməsini istəyirsə, həmin nüansları mütləq nəzərə almalıdır. Deməzdim ki, "Kəpəz"lə oyunda stadion boş idi. Protokola 800 nəfər yazılıb, amma stadionda olan biri kimi deyirəm ki, qətiyyən reallığı əks etdirmir. "Turan Tovuz"la oyunda olduğu kimi, dünən də böyük ehtimalla oyun saatına kimi olan rəsmi bilet satışı əsas götürülüb. Hansı ki, stadionda rahat 2 min azarkeş var idi. Sübut üçün şəklini də çəkdim, çünki ilk hissənin ortalarına kimi, azarkeşlər gəlirdi.

Fotoda görünən qarşı tribunanın 1-ci mərtəbədəki yan-yana 3 sektoru dolu idi, hansı ki, hər sektorun tutumu 320 nəfərdi. Stadionun təməli qoyulan gündən gedib-gəldiyim üçün hər sektorun tutumunu bilirəm. 960 nəfər bu 3 sektor + ikinci mərtəbədə də 200 nəfərlik bir sektor dolmuşdu ki, elə bu iki göstərici 1000-i keçdi. Hələ mən çəkilişə düşməyən mərkəzi tribunadakı təxminən 400-500 nəfərlik azarkeşləri demirəm. Bura qapı arxasında qərarlaşan 200 nəfərə yaxın "Sumqayıt"ın rəsmi fan klubunu və onlara yaxın sektorda qərarlaşan müstəqil azarkeşləri, 50-60 nəfərlik "Kəpəz" azarkeşlərini də əlavə etsək çox rahat şəkildə stadionda 2000 azarkeşin olduğunu deyə bilərik. Demirəm çox böyük göstəricidi, sadəcə, 800 deyildi, onu demək istədim.



Oyuna gəlncə, hər kəs gördü ki, "Kəpəz" "Sumqayıt"ı oyunla məğlub etdi. Samir Abbasov yenə azarkeşlərə söz atıb, deyib onların bizi tənqid etməyə ixtiyarı yoxdu, amma bir baş məşqçi öz şəhərinin azarkeşləri haqda bu tonda danışmamalıdır. Dünən iş günü idi. Sumqayıtdan nə qədər insan Bakıda işləyir, oxuyur, saat 6-da işdən, dərsdən çıxan adam oyuna necə çatsın? İndi bunun haqqı yoxdu "Sumqayıt" haqda nə isə desin? Deyirik ki, stadion dolmur. "Sumqayıt" dünənki oyunu ilə 10 min azarkeşi haqq edirdi? Eləcə də "Turan Tovuz"a qarşı oyun. İlk gündən deyirəm, yenə də təkrar-təkrar deyirəm: "Sumqayıt"ın transfer etdiyi legionerlər komandaya fayda vermir. Yalnız Kerhat istisna. Ninqa "Neftçi" ilə oyunda iki qol vurdu, üç turdu yenə yoxdu. Legioneri bir oyunluq gətirmirlər axı. "Sumqayıt"ın hücum xətti yox səviyyəsindədi. Rus deməli, "nuijelni" normal legioner tapmaq olmur? Sorqanın bu günə kimi "Sumqayıt"a hansı faydası dəyib, bəlkə mən bilmirəm, futbolu anlamıram, bilən varsa, mənə də izah etsin. Kvirkviyanın vurduğu qolu hər kəs gördü. Demək olar ki, eyni epizodun üçü Sorqada da oldu, heç birində çərçivəyə düşə bilmədi. Rüfət Əhmədovun müdafiəçi ola-ola qolda göstərdiyi texnika, "Sumqayıt"ın hücumçularından üstün idi. Tresor Mossi kimi futbolçudan bu dəqiqə I Liqada doludu. "İmişli"dəki Tressor, "Karvan"dakı Kings Dossodan daha səviyyəli futbolçulardı, inanın mənə. Mən 120 kilo ilə bu yaşımda çıxıb Mossidən daha az ötürmə səhvi edərəm. Bu problemlər ola-ola Avropaya yollanmaq çətin məsələdi. 2-ci yer hamını aldadır, amma futbolu az-çox anlayanlar bilir ki, bu 2-ci yer, o 2-ci yerlərdən deyil. Yəni sənin 3-cü, 4-cü yerlə böyük xal fərqin yoxdur. Bizim hazırkı çempionatda vəziyyət elədir ki, bu gün 2-ci pillədə olan komanda 2 tur sonra 8-ci pillədə də ola bilər. Ona görə, oyun keyfiyyərini müzakirə etməliyik. "Sumqayıt"ın qollarının 70-80 faizini müdafiəçilər vuracaqsa, bu qədər ön xətt oyunçusu niyə maaş alır? Yeni bir ekvadorlu hücumçu alınıb, Cordan Rezebala, erkən nə isə demək istəmirəm, amma dünənki təəüssüratım belə oldu ki, o da ciddi nə isə göstərə bilmədi. Görək növbəti turlarda bəlkə açılışdı... 

 

Anar XANLAROV