“Legiya” - “Qarabağ” matçına xüsusi təyinat
- 29 Sen 2020 14:30
- 664
Xəbər verdiyimiz kimi, son günlər Ermənistan – Azərbaycan qoşunlarının təmas xəttində erməni hərbi birləşmələrinin yol verdiyi təxribatçı hərəkətlər nəzərə alınaraq, Avropa Liqasının pley-off mərhələsi çərçivəsində oktyabrın 1-də, Polşanın paytaxtı Varşava şəhərindəki “Voyska Polskiego” stadionunda keçiriləcək “Legiya” – “Qarabağ” oyunu ilə əlaqədar AFFA tərəfindən UEFA-ya müraciət ünvanlanıb.
Rekord.az xəbər verir ki, müraciətdə Avropa Liqasının qrup mərhələsi çərçivəsində 2019-cu il oktyabrın 3-də Lüksemburq şəhərindəki “Jozi Bartel” stadionunda keçirilmiş “Düdelanj” – “Qarabağ” oyununun gedişində erməni təxribatçılar tərəfindən üzərində parça asılmış idarə olunan uçuş aparatının meydanın mərkəzinə doğru yönəldilməsi faktı xatırladılaraq bildirilib ki, “Legiya” – “Qarabağ” oyununda ermənilər tərəfindən siyasi xarakterli təxribatçı addımlara yol verilməməsi üçün UEFA tərəfindən qarşılaşmaya xüsusi diqqət və həssaslıqla yanaşılması vacibdir.
AFFA-nın müraciətinə əsasən, “Legiya” – “Qarabağ” oyununa UEFA tərəfindən xüsusi olaraq təhlükəsizlik üzrə nümayəndə təyin olunub.