Leninin portreti ilə şəkil çəkdirən futbolçuya ciddi xəbərdarlıq
- 04 May 2020 12:20
- 620
Ukraynanın “Karpatı” klubu futbolçusu Aleksey Xaxlyova sərt xəbərdarlıq edib.
Rekord.az Lvov təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, buna 21 yaşlı müdafiəçinin Rusiya bolşeviklərinin rəhbəri Vladimir Leninin portreti ilə şəkil çəkdirməsi səbəb olub.
Gənc oyunçunun doğum gününü qeyd edən yaşlı nənəsini sözügedən foto vasitəsilə təbrik etməsi klubun narazılığına səbəb olub.
Məsələ ilə bağlı bəyanat yayan "Karpatı" oyunçularının yad simvollar fonunda çəkdirdikləri hər hansı şəkilin paylaşılmasını yolverilməz hesab edib: "Özünə yaraşmayan hərəkətə yol verən Xaxlyova xəbərdarlıq olundu və məlumat verildi ki, oxşar hal təkrarlanarsa, daha ciddi sanksiya tətbiq olunacaq. Futbolçu ictimai şəxsdi. Onun hətta sosial şəbəkələrdə də klubun nüfuzuna xələl gətirməyə haqqı yoxdur: Bütün yaş qrupları üzrə komandaların oyunçuları ilə bu cür hərəkətlərin yolverilməzliyi barədə müzakirələr aparılacaq".
Ukraynada vətənpərvərliyi ilə tanınan futbolçunun özü də günahını etiraf edib: "Uyğun olan və olmayan zarafatlar var. Son foto uyğun olmayan zarafatlar kateqoriyasındandır. Bunu təhqir sayan hər kəsdən üzr istəyirəm".
Sonda isə "Karpatı" klubu Aleksey Xaxlyovun hərəkətinə görə ictimaiyyətdən üzr istəyib.