Lənkəranda ŞOK olay: azarkeşlər meydançaya axışdı və qonaqların qapıçısını döydü
- 20 Okt 2019 12:00
- 1325
U-17 liqasında baş tutan "Xəzər Lənkəran" - "Kəpəz" matçında xoşagəlməz hal yaşanıb.
Rekord.az sport7.az-a istinadən xəbər verir ki məğlubiyyəti həzm edə bilməyən bir neçə lənkəranlı azarkeş matçın sonlarına yaxın meydana daxil olub "Kəpəz"in futbolçularına hücum edib. Hətta, sözügedən azarkeşlərdən biri, gəncəlilərin qapıçısına söyüş söyüb, üstəlik fiziki təzyiq göstərməyə çalışıb.
Ancaq maraqlısı budu ki, baş hakim məhz özünü azarkeşlərdən qorumağa çalışan qolkiperi qırmızı vərəqə ilə cəzalandırıb. Yəni, meydandakı yox, tribunadakı "hücumçular"dan gələ biləcək təhlükədən qorunmağa çalışan qapıçının hərəkətlərini baş hakim intizamsızlıq kimi qiymətləndirib. Stadion rəhbərliyinin, orada asayişə cavabdeh şəxslərin məsuliyyətsizliyi üzündən yaşanan xoşagəlməz olaylar zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb. Azarkeşlər polis tərəfindən meydandan çıxarılıb. "Kəpəz" onların nəzarəti altında Lənkəranı tərk edib.
Gəncəlilərin yaşananlara görə oyunun keçirildiyi stadionuna və orada asayişi qorumağa cavabdeh şəxslərdən, o cümlədən rəqib klubun rəhbərliyindən şikayət etmək tam haqqı var. Hər halda meydanda oynayan futbolçuların cəmi 16-17 yaşları var və onlara söyüş söyüb, fiziki təzyiq göstərmək ataları yaşda olan adamlara nə dərəcədə uyğundu, bax bu düşündürücü məqamdı...
Bu gün keçirilən görüş "Kəpəz"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.