Lənkərandakı biabırçılığın təfərrüatları
- 23 Okt 2019 11:00
- 952
Rəqib qapısı yaxınlığında dayandıqlarına görə onların elə ilk hücum etdiyi şəxs "Kəpəz"in qapıçısı Cavid Qurbanov olub.
Rekord.az xəbər verir ki sonradan "Xəzər Lənkəran"ın digər futbolçuları da azarkeşlərə qarışaraq rəqib həmkarlarına hücum edib. Onlardan biri, Xanoğlan İsmayılov, hətta qolkiperlə əlbəyaxa da olub. Qısası, meydanda rəqibini yenməyi bacarmayan lənkəranlılar, onlara başqa, idmançıya yaraşmayan hərəkətlərlə güclərini göstərməklə, tərbiyəsizliklərini nümayiş etdiriblər.
Ən acınacaqlısı da odu ki, futbolçular bunu azarkeşlərinə qatılaraq ediblər. Yəni, aranı sakitləşdirmək, həmkarlarına hörmət etmək əvəzinə onların döyülməsi üçün şərait yaradıblar. Hadisəyə aid videoyazılardan göründüyü kimi, həmin vaxt tərəfləri bir-birindən ayırmaq üçün meydançada polis işçiləri də olmayıb. Yəni asayiş keşikçiləri artıq iş işdən keçəndən sonra gəliblər. Bunlar bir kənara...
Baş verənlərlə bağlı hakimlərin də mövqeyi səbirsizliklə gözlənilirdi. Düzdü, oyun zamanı baş hakim dava edən futbolçulara qırmızı vərəqə göstərmişdi. Ancaq İntizam Komitəsindən meydan sahibi olduqları üçün "Xəzər Lənkəran"a qarşı daha sərt tədbirlər gözənilirdi. Nəhayət, bir neçə saat öncə oyunda yaşananlarla bağlı komitə bu qərarları açıqladı: "19 oktyabr 2019-cu il, Bakcell U-17 Liqasının, "Xəzər Lənkəran” – "Kəpəz” matçının 90+4-cü dəqiqəsində "Kəpəz” klubunun 1 №-li futbolçusu Cavid Qurbanov və "Xəzər Lənkəran” klubunun 9 №-li futbolçusu Xanoğlan İsmayılov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 4 oyun cəzalanır (maddə 38.3).
"Xəzər Lənkəran” klubunun azarkeşləri meydana daxil olduqlarına görə kluba 1 ev oyun azarkeşsiz keçirilməsi qadağası qoyulur (maddə 66.2)"
Açığı, bu qərarlar çox bəsit görünür. O boyda dava düşsün, azarkeşlər əllərində daş, şüşə qab, oturacaq və digər təhlükəli yad əşyalarla meydana daxil olsun, futbolçulara hücum etsin, amma sonda cəmi iki qırmızı vərəqə və 1 azarkeşsiz oyun. Hansı ki, uzaqbaşı bir oyundan sonra yenə həmin "dəliqanlı" azarkeşlər rəqib qapısı arxasındakı tribunada yerlərini alacaq və komandaları uduzanda futbolçulara daş-kəsəklə hücum edəcəklər. Yenə də məğlubiyyəti həzm edə bilməyən yerli futbolçular öz azarkeşləri ilə birgə həmkarlarını döyəcəklər. Halbuki AFFA bu tip hadisələrə görə daha dərin araşdırmalar aparıb, sərt tədbirlər görə bilərdi.
Hadisələr zamanı qırmızı vərəqə ilə cəzalandırılan futboçulardan biri, "Kəpəz"in qapıçısı Cavid Qurbanovu tapıb fikirlərini öyrənməyi lazım bildik. Hər halda videomaterialda göründüyü kimi ən çox təzyiqə məruz qalan məhz Cavid olub. Çünki qoldan əvvəl və sonra yerli azarkeşlər onu daş-kəsəyə, şüşə qablara, əllərinə keçən nə varsa hamısına, bu azmış kimi, əxlaqsız söyüşlərə "qonaq" edirdi. Qısası, hadisənin iştirakçısının, Qurbanovun Sport7.az-a söylədiyi fikirləri dinləsək daha maraqlı olar: "Hesabda 2:0 öndə idik. Tribuna ilə qapı arasında cəmi 2-3 metr məsafə vardı. 60-cı dəqiqədən sonra azarkeşlər qapının arxasından daş-kəsək, şüşə qab, əllərinə keçəni mənə tərəf atırdılar. Rəqib qol vuran epizodda topa çatmışdım. Sadəcə, top müdafiəçinin çiyninə dəyib yuxarı qalxdı və qol oldu. Qoldan sonra ayağa qalxmadım, elə yerdə oturmuşdum. Rəqib futbolçu topu qapıdan götürüb mərkəzə tərəf aparmaq istəyəndə, müdafiəçimiz ona imkan vermədi. Topu onun əlindən almağa çalışanda mübahisə yarandı. Mən də yaxınlaşdım ki, onları ayırım, onsuz da oyun qutarırdı. Bir də gördüm ki, kimsə arxadan məni yumruq, təpiklə vurmağa başladı. Azarkeşlər meydana axışmışdı. Mən də cavab olaraq həmin adamı itələdim.
Müdafiəçimizlə rəqib arasında o tərəfdə dava gedirdi, ancaq baş qoşan yox idi. Azarkeşlər isə mənim üstümə düşmüşdü. Azarkeşi itələyən zaman "Xəzər Lənkəran"ın "9" nömrəli futbolçusu mənə pis şəkildə söyüş söydü, daha sonra sinəmə iki yumruq zərbəsi vurdu. Mən də onu itələdim. Ancaq məqsədim vurmaq deyildi. Fikirləşdim ki, vursam, hakim qırmızı vərəqə göstərəcək. Videotəkrar var, niyə baxmırlar ki? Mən həmin futbolçunu vursam, çənəsi, başı qırılardı. Heç baş hakim də qırmızı vərəqə göstərmirdi. Köməkçisi ona deyəndən sonra "qırmızı" aldım. Hansı ki, həmin vaxt yan hakim heç yaxınlıqda deyildi.
Qarşımdakılar azarkeş, bir də mənə söyən futbolçu idi. Polis də yox idi ki, gəlib ayırsın. Polislər sonradan gəldi, oyun 2:1 hesabı ilə bitdi və bizi paltardəyişmə otağına apardılar. Oyun gedə-gedə baş məşqçimiz İlham Səmədov bir neçə dəfə vəziyyətimi soruşdu, normal olduğunu və oynadığımı dedim. O da təzyiqləri, mənə atılan şüşə qab və daşları görürdü. Polis orada yoxdusa, məni kim qorumalıdı? Hardan bilim ki, daş-kəsək atan azarkeşin əlində başqa nə var? Yerimə başqası olsaydı nə edərdi? Dava edənlər bir kənara, azarkeşlərin meydanda nə işi vardı? Belə olanda oyun dayandırılmalıdı, futbolçular paltardəyişmə otağına göndərilməlidi. Polis gələndən və təhlükəsizlik təmin olunandan sonra oyun davam etdirilməlidi. Halbuki hakim heç bir reaksiya vermədi. Deyir ki, "biz belə şeylərə öyrəşmişik". Necə yəni "öyrəşmişik"? Deməli, hər kəs meydana girib istədiyini edə bilər? Onu da anlamadım ki, yan hakim orada olmadığı halda niyə mənə qırmızı vərəqə göstərilməsini istəyib? Özümu qoruyan, döyülən mən, "qırmızı" alan da mən?!"