Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində “Gəncə”yə məğlub olan “Lənkəran”ın baş məşqçisi Georgi Kondruseviç oyunu dəyərləndirib.


Rekord.az xəbər verir ki, mütəxəssis klubun mətbuat xidmətinə açıqlama verib.


O, komandanın mövsüm ərzindəki çıxışına da toxunub:


“Demək olar, 3 period mübarizə apara bildik. Daha sonra 9 nəfərlə oynamağımız, rotasiya imkanlarının az olması öz sözünü dedi. Əsas oyunçularımızdan Ceydem Folkner xəstələndiyi üçün bu matçı buraxmalı oldu. 4-cü periodda bu, özünü daha çox göstərdi. Oyun bizim üçün psixoloji olaraq da çətin idi. Təbii ki, azarkeşlərimiz önündə daha yaxşı oyun nümayiş etdirmək isəyərdik. Döyüşdüyümüzü düşünürəm. Ən azından bunu etməyə çalışdıq”.


Baş məşqçi bu mövsüm yaşadıqları uğursuzluğunu heyətdəki problemlərlə əlaqələndirib:


“Təssüf ki, bunu bacarmadıq. Amma belə güclü liqada heyətdə hər zaman problemlərin yaşanması fonunda qələbələr qazanmaq çətindir. Amma buna baxmayraq 3 dəfə rəqibləri məğlub etdik. Ötən il "Şəki" komandasının cəmi 1 qələbə qazanmasını göz önünə gətirsək, yeni yaranan kollektiv üçün pis nəticə deyil. Nəzərə almaq lazımdır ki, cəmi 5 oyunda tam heyətlə mübarizə apardıq. Bəzi matçlarda qələbəyə çox yaxın olduq. Əfsuslar olsun ki, şans bizim tərəfimizdə deyildi. Azarkeşlərimizə minnətdarlığımı bildirirəm. Onlar bizə dəstək oldular. Bu mənim üçün əla motivasiya idi. Qalib gəlməsək də onlar hər dəfə bizə dəstək oldular. Mən də bir məşqçi kimi əlimdən gələni etdim”.


O, “Sumqayıt”a qarşı keçirdiklərini ilk oyunu fərqləndirib:


“Ən yadda qalan matç "Sumqayıt"a qarşı ilk oyun oldu. Orda 14 xal geridə olsaq da yekunda 15 xal fərqi ilə qələbə qazandıq. İlk qələbəmiz fikrimcə, yaddaqalan idi”.


Kondruseviç Azərbaycanın çox maraqlı ölkə olduğunu vurğulayıb:


“Azərbaycnn çox maraqlı ölkədir. Burda yeni insanlarla tanış oldum. Burda olmaq mənim üçün xoş idi. Ümumilkdə baxsaq, deyə bilərəm ki, gözəl ölkədə, əla günlər keçirdim. Lənkəran da fərqli yer idi. Bakıya ümumiyyətlə bənzəmirdi”.


Qeyd edək ki, “Lənkəran” klubu Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində “Gəncə”yə qarşı keçirdiyi hər iki görüşdə (96:92, 100:74) məğlub olaraq mübarizəni dayandırıb.