“Neftçi”nin Laurentsiu Regekampfdan öncə Viktor Qonçarenko ilə danışıqlar apardığından xəbəriniz var.

Rekord.az xəbər verir ki, son anda “ağ-qaralar”ın rəhbərliyi belaruslu mütəxəssislə işbirliyindən imtina edərək, ruminiyalı məşqçi ilə anlaşmağı lazım bildi.

Ölkə mətbuatında yayılan xəbərlərə görə, postsovet məkanında BATE, Moskva ÇSKA-sı, “Krasnodar” kimi klubları çalışdıran 45 yaşlı mütəxəssisin irəli sürdüyü şərtlər – 9 nəfərlik məşqçilər korpusu və illik 250 min dollar məvacib “ağ-qaralar”a sərf etmədiyindən onunla danışıqlar dayandırılıb.

Ancaq bizə çatan məlumata əsasən, anlaşmanın baş tutmamasının kökündə başqa məsələ durur. Belaruslu həmkarımızın “Football-plus.az” saytına söylədiklərinə inansaq, Qonçarenko “Neftçi” ilə danışıqlara başlayan vaxt Polşa təmsilçisi “Lex”dən də təklif alıb. Həmin “Lex” ki, Çempionlar Liqasının birinci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olacaq. Tərəflər arasında baş tutan danışıqlardan sonra belaruslu mütəxəssis polyakların təklifinin daha sərfəli olduğunu nəzərə alıb “ağ-qaralar”la danışıqları dayandırıb. Bütün məsələlərdə “Lex”lə razılığa gələn Qonçarenko müqaviləyə qol çəkmək üçün Poznana getməyə hazırlaşdığı vaxt Polşanın yüksək hakimiyyət dairələri klub rəhbərliyinə ultimatum göndəriblər. Daha dəqiq desək, panlar ölkəsinin idman siyasətinə cavabdehlik daşıyan qurumdan bildirilib ki, Rusiyanın mütəffiqi olan və Ukraynada gedən müharibədə rusları dəstəkləyən ölkənin məşqçisi Polşada çalışa bilməz. Hökümət dairələrinin sərt etirazından sonra Qonçarenkonun “Lex”lə “izdivacı” baş tutmayıb. Obrazlı desək, belaruslu Əli aşından da olub, Vəli aşından da.