Liderlər növbəti qələbələrini qazandılar
- 29 Yan 2024 16:16
- 265
Həndbol üzrə Azərbaycan çempionatında 8-ci tura yekun vurulub.
Rekord.az xəbər verir ki, qadınların yarışında liderlər növbəti qələbələrini qazanıblar.
“Qarabağ” “Gənclər Birliyi”ni (39:10), “Azəryol” isə “İdman Akademiyası”nı (40:17) asanlıqla məğlub ediblər. Bir gün əvvəl keçirilən matçda “Kür” “Bakı”dan (44:12) güclü olmuşdu.
Bu nəticələrdən sonra “Qarabağ” 14 xalla turnir cədvəlinə başçılıq edir. “Azəryol”un 13, “Kür”ün 11 xalı var. “İdman Akademiyası” ilə “Bakı” hərəyə 6 xalla 4-5-ci yerləri bölüşdürürlər. Autsayder “Gənclər Birliyi” hələ ki, xal qazana bilməyib.
Kişilərin mübarizəsində tura “Dinamo” – “İdman Akademiyası” qarşılaşması ilə yekun vurulub. “AHF Arena”da baş tutan görüşdə qalib müəyyənləşməyib – 26:26. Buna qədər isə “Kür” “Təhsil”i 40:22, “Azəryol” “Qarabağ”ı 36:29 hesabı ilə məğlub etmişdi.
Hesabında 14 xal olan “Kür” turnir cədvəlinə başçılıq edir. “Azəryol” liderdən 4 xal geri qalır. “Bakı” və “Qarabağ”ın hərəyə 8, “Dinamo” ilə “İdman Akademiyası”nın 3 xalı var. “Təhsil” 2 xalla sonuncudur.