Rəşad Sadıqovu çoxdan tanıyıram. 90-cı illərin əvvəllərindən. Yox, hansısa şəxsi tanışlığımız, dostluğumuz olmayıb. Sadəcə, uşaq futbolunda rəqib olmuşuq. Hələ Azərbaycan çempionatı təşkil olunmamışdan qabaq uşaq komandaları arasında Bakı çempionatı keçirilirdi. Sumqayıtın uşaq komandaları da həmin çempionatda iştirak edirdi. Rəşadgil həmin vaxt Vaqif Paşayevin rəhbərliyi altında oynayırdı. Bizim komandamıza isə rəhmətlik Tofiq Rzayevlə hazırda “Sumqayıt” Futbol Akademiyasında məşqçi kimi çalışan Ağamusa Bağırov rəhbərlik edirdi. Rəşadgillə oyunlarımız hər zaman gərgin mübarizə şəraitində keçirdi. Hətta yadımdadı, bir dəfə 8 mk stradionunda onları 1:0 məğlub etmişdik və rəqibin heyətində yer alan Şamxal adlı futbolçu ağlaya-ağlaya bizə demişdi ki, “eybi yox, ikinci oyunda əvəzini çıxarıq”.

 

1996-cı ildə AFFA ilk dəfə uşaq komandaları arasında ölkə çempionatı təşkil etdi. Halbuki, Elxan Məmmədov zaman-zaman ictimaiyyətə yalan danışır ki, guya Azərbaycanda uşaq və yeniyetmə liqalarını ilk dəfə onlar təşkil edib. Bəli, 1996-cı ildə ilk dəfə uşaq liqası təşkil edən AFFA eyni zamanda yüksək liqada oynayan komandalar qarşısında da ən azı iki yaş qrupundan ibarət komanda yaratmaq tapşırığı qoydu. O vaxt “Qarabağ”ın belə bir imkanı yox idi. Çünki Ağdam işğal olunmuş, komanda məcburi köçkün həyatı yaşayırdı. Bu səbəbdən Ağdam klubunun rəhbərliyi Vaqif Paşayevə müraciət edərək onun komandalarının “Qarabağ” adından çıxış etməsini xahişı etdi. Beləliklə, Paşayevin 1980-81 və 1982-83-cü il təvəllüdlü iki komandası “Qarabağ” adından çıxış etməyə başladı. Rəşad da 1982-83-cü il təvəllüdlü komandada yer almışdı. Hələ həmin vaxtlardan Sadıqovun gələcəyini görmək olardı. Çünki onlarla oyunlarımızda Rəşadın liderlik keyfiyyətləri, komandadakı nüfuzu aşkar görünürdü.  Məhz həmin mövsümün yekununda da Rəşadgil 1982-83-cü il təvəllüdlü futbolçular arasında ölkə çempionu adını qazandılar. Həmin turnirdə parlayan Rəşadın yüksəlişi sonrakı illərdə də davam etdi.  1998-ci ilin martında əl oyunları sarayında yeniyetmələr arasında futbol turniri təşkil olundu və həmin turnirin yekununda Rəşad turnirin ən yaxşı futbolçusu adına layiq görülərək Fransada keçirilən dünya çempionatına bilet əldə etdi. 

 

Bir il sonra Sadıqov artıq Güclülər Dəstəsində oynmağa başladı. Gənc yaşda liderlik bacarığını “Turan”da da ortaya qoyaraq 1 il sonra “Neftçi”yə dəvət aldı.  Qısamüddətli “Fulad” və “Kayserispor” karyerasını nəzərə almasaq, 2008-ci ilə kimi “ağ qaralar”ın əvəzedilməz futbolçusu, kapitanı oldu. Gənc yaşda ölkənin ən köklü klubunun kapitan sarğısını daşımaq hər futbolçuya nəsib olmur. Eyni zamanda 18 yaşında Azərbaycan milli komandasına dəvət aldı və millidən gedənə kimi, ölkənin bir nömrəli komandasının da əvəzedilməz siması oldu. Təəssüf ki, bir ara onu da futboldan küsdürdülər, sevimli peşəsindən ayrı saldılar. Hətta futbolu atıb basketbola üz tutdu. Lakin ən çətin vaxtlarında yaxın dostu və sirdaşı Qurban Qurbanov ona sahib çıxdı, “Qarabağ”a dəvət edərək, yenidən futbola dönüşünə imkan yaratdı. 11 il “Qarabağ”ın formasını geyinən Rəşadın bu komanda ilə birlikdə hansı uğurlara imza atmasını yazmağa ehtiyac görmürəm. Heç  buna vaxt da çatmaz.

 

Həmin bu insan artıq futboldan getdi. Bu dəfə ehtimalsız, proqnozsuz, rəsmən getdi. Onun gedişini istəyənlər rahat nəfəs ala bilər. Artıq buraxılan səhvə görə hədəf seçməyə başqa futbolçu axtarmalı olacaqsınız. Bu gün Pizzaro 41 yaşında “Verder”in heyətində meydançaya çıxır,  Buffon 42 yaşında “Yuventus”la yeni müqavilə imzalayır. Hansı ki, Pizzaro həmin Pizzaro deyil. Amma “Verder” üçün dəyərdi. Buffon əvvəlki Buffon deyil, amma “Yuventus” üçün dəyərdi, buraxdığı ən kobud səhvi belə, ona bağışlayırlar. Rəşad da bizim üçün dəyərdi. “Pünik” zəfəri, “Rusenborq”ə vurulan möhtəşəm qol, Türkiyə üzərindəki tarixi qələbənin memarı və s. Amma biz adi bir səhvə görə az qala onu dar ağacına çəkirdik. Getdi həmin insan. Tapın görək, yerinə kimi qoyacaqsınız, kimi oynadacaqsınız. Rəşad tək futbolçu deyildi. Həm də lider idi. İnsan kimi də ən xoş sözlərə layiqdi. Böyük-kiçik yeri bilir, azarkeşlə, media ilə hər zaman münasibət saxlayır. Bir epizod danışım. 2013-cü ilin yanvarı idi. Klublarımız Antalyada toplanışdadır və PFL-in xətti ilə jurnalistlər də sözügedən bölgəyə gedib, klublarımızın hazırlığını izləyir. “Qarabağ”ın ilk yoxlama matçından sonra Rəşad Sadıqov jurnalistlərə açıqlama verirdi. Həmin oyunda Bədavi Hüseynov iki kobud səhvə yol vermişdi və son zamanlar gələn təriflərdən sonra sanki bir “başgicəllənmə” hiss etdim onda. Məhz bununla bağlı Rəşada sual verdim və sual kapitanın xoşuna gəlmədi. Hətta yüngülvari mübahisəfason dialoqumuz oldu. Rəşad israrla Bədavinin tərəfini tutaraq onun formada olduğunu, ciddi səhv etmədiyini və ümumiyyətlə, belə səhvlərin hansısa oyunda olmasının normal olduğunu bildirdi. Mən isə israrlı idim ki, Bədavinin oyununda geriləmə var. Antalyadan qayıdandan sonra həmin oyun və epizodla bağlı yazı yazdım. Yazıda oyunun qısa təhlili, Bədavinin oyunu ilə bərabər Rəşadla bağlı dialoqumuza da toxunmuşdum və qeyd etmişdim ki, biz bu gün “Qarabağ”ın uğurlarını istəyiriksə, səhvləri vaxtında deməliyik. Çünki əsl dost səhvi görüb gizlədən yox, onu dərhal deyəndi.  Sonradan Bədavi növbəti oyunlarda da həqiqətən aşağı səviyyədə oynadı və onun kobud səhvindən “Qarabağ” daha bir oyunda qol buraxdı. Olaydan bir həftə sonra gecə saat 12-1 arası telefonuma mesaj gəldi. Açdım, mesaj Rəşaddan idi, Türkiyədən yazmışdı. Həmin məsələ ilə bağlı fikirlərini qeyd etmiş, sonda isə “sən haqlısan qardaş, haqqını halal et” cümləsini yazmışdı. Bu, əslində Rəşadın insan kimi böyüklüyünü göstərirdi. “Qarabağ” və millinin kapitanı hansısa kiçik məsələyə görə jurnalistə mesaj yazıb halallıq istəmişdi. Halbuki, Rəşadın butsunun şipinə layiq olmayanlar jurnalistlə ulduz kimi davranır, bəzən yekəbaşlıq edir.

 

Rəşad Azərbaycan futbolunun sonuncu böyük futbolçusu, kapitanı idi. Artıq əminliklə demək olar ki, bundan sonra Azərbaycan futbolunda böyük boşluq yaranacaq. Yoxdur elə bir futbolçu, lider ki, estafeti davam etdirsin. Bir dönəmlər Banişevskiləri,  İsgəndər Cavadovlar, Səmədağa Şıxlarovlar, Səməd Qurbanovlar, onları Nazim Süleymanovlar, Vəli Qasımovlar, Vidadi Rzayevlər, Yunis Hüseynovlar, Arif Əsədovlar, Tərlan Əhmədovlar, onları Kamal Quliyevlər, Samir Əliyevlər, Mahmud Qurbanovlar, Emin Quliyevlər, onları isə Mahir Şükürovlar, Kamran Ağayevlər, Rəşad Sadıqovlar əvəz etmişdi. Növbəti eşalon gəlmir, yoxdur və olana da oxşamır. Bəlkə var? Varsa adlarını çəkin biz də bilək. Eddi İsrafilovlar, Dmitri Nazarovlar, Rüfət Dadaşovlar davam etdirəcək bu estafeti? Daş düşdü ki, bizim olmayan futbolun başına. Nə isə.

 

Bir təsəllimiz var ki, Azərbaycan futbolu futbolçu kimi Rəşad Sadıqovu itirsə də məşqçi kimi Rəşad Sadıqovu qazandı.  Yüksək məşqçilik bacarığına, intelektual səviyyəyə, idarəetmə qabliyyətinə malik Rəşad hələ “Qarabağ”ın U-19 komandasında çalışarkən, potensialını ortaya qoydu. Onun U-21-dəki qısa zaman kəsiyindəki işini də hamı gördü. Hansı ki,  heyətində hətta həvəskar səviyyəsində oynayan futbolçuların yer aldığı komandanı döyüşkən kollektivə çevirdi. Amma imkan vermədilər, qoymadılar işləməyə. Ayağının altını qazıb işindən kənarlaşdırdılar. Çünki bizin futbolun başında duranlara, onu idarə edənlərə Rəşad kimi məşqçi-insan lazım deyildi.  Onlara Obradoviç kimisi lazımdı. Eybi yox, Lixtenşteynə uduzsun, amma “Fatı qalx, Fatı otur” əmrinə tabe olsun. Eybi yox. Gec-tez Azərbaycan futboluna da gün doğacaq və futbolumuzu bu günə qoyanları əridib yox edəcək. O zaman Rəşad və Rəşad kimi futbolun inkişafını düşünənləri iş başında görəcəyik. Möhkəm ol, kapitan. Məşqçi kimi Rəşad Sadıqovun işi və məsuliyyəti bundan sonra qat-qat daha çox olacaq. Bəzi ünsürlərlə mübarizəmiz də var. Yəni iş çoxdur. Bir də yadımdan çıxmışdı, Antalyadakı müsahibəmizin ikinci hissəsi də hələ qalıb. Görüş yerimiz...??? Ok,  Kəlbəcər olsun. Vaxtını və saatını da danışarıq...

 

Anar XANLAROV