Türkiyənin “Sivasspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi son olaraq Fransanın “Tuluza” klubunda forma geyinmiş Fil Dişi Sahilli yığmasının vingeri Maks Qradeli transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 32 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Qradel karyerası ərzində “Lester Siti”, “Lids Yunayted”, “Sent-Etyen” və “Bornmut” kimi klublarda da forma geyinib. O, geridə qalan mövsümdə “Tuluza”nın heyətində Liqa 1-də 21 oyuna çıxıb, 3 qol vurub, 2 məhsuldar ötürmə verib. Təcrübəli yarımmüdafiəçi 2015-ci ildə 10 milyon avro qarşılığında “Tuluza”ya transfer olunmuşdu. Qradel Fil Dişi Sahili yığmasında 75 oyuna 12 qola imza atıb.

Ötən gün yenidən “Sivasspor”un prezidenti seçilən Mecnun Otyakmaz, yerli mətbuata açıqlamasında daha bir transferin müjdəsini verib. O, son olaraq “Yeni Malatyaspor”da forma geyinən Robin Yalçını da transfer etdiklərini açıqlayıb. Yaxın günlərdə Sivas təmsilçisinin bu transferi də rəsmən açıqlaması gözlənilir.