“Lisenziyaların sayı ilə bağlı proqnoz verə bilmərəm”
- 10 Mar 2020 21:00
- 985
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışını davam etdirir.
Komanda.az xəbər verir ki, Hindistan yığması ilə birgə keçirilən hazırlıq prosesində əsas diqqət taktiki-texniki çalışmalara yönəldilib.
Baş məşqçi Aleksandr Tarakanov martın 19-dək davam edəcək təlim-məşq toplanışı və komandanın son vəziyyətiylə bağlı Azərbaycan Güləş Federasiyasının saytına açıqlama verib:
“Məşqlərimizi davam etdiririk. Təlim-məşq toplanışı öz qaydasında gedir. Komandada əhval-ruhiyyə yüksəkdi. İndidən Avropa Olimpiya Təsnifat turnirinə neçə faiz hazır olduğumuzu deyə bilmərəm. Bu barədə yarış ərəfəsində fikir bildirmək mümkündü. Yığma üzvlərinin hazırlıq səviyyəsi normaldı. Çalışacağıq ki, Olimpiadaya lisenziyaları qazanaq. Ancaq bu lisenziyaların sayı ilə bağlı proqnoz verə bilmərəm. Ümid edirəm ki, mümkün qədər çox vəsiqə əldə edərik. İlk cəhddən 6 lisenziyanın hamısını qazanmaq çətin məsələdi. Hər halda, uşaqlar əllərindən gələni edəcək. Fikrimcə, hər şey yaxşı olacaq.
Hindistanın heyətində gənc güləşçilər üstünlük təşkil edir. Bizdə təcrübəli pəhləvanlar çoxdur. Əlbəttə, komandalar arasında səviyyə fərqi hiss olunur. Budapeştdə çıxışı nəzərdə tutulan güləşçilərin zədələrinin olmaması sevindirici məqamdı”.
Xatırladaq ki, bu ilin ilk lisenziya yarışı - Avropa Olimpiya Təsnifat turniri martın 19-dan 22-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək. Güləşin bu növü üzrə mübarizə yarışın son iki günündə baş tutacaq. Hər çəkidə finalçıların Tokio-2020-yə vəsiqə qazanacağı turnirdə millimiz 60, 67, 77, 87, 97 və 130 kq-da təmsil olunacaq.