“Liverpul” etirazlara görə qərar dəyişdi, üzr istədi
- 07 Apr 2020 13:22
- 698
İngiltərə Premyer Liqasının lideri “Liverpul”un 200 işçisini koronavirus pandemiyası səbəbindən tətilə göndərdiyini xəbər vermişdik.
Rekord.az xəbər verir ki, “qırmızılar”ın həmin qərarı açıqlamasının ardından ciddi etirazlarla üzləşməyə başlamışdı. Britaniya futbol ictimaiyyəti və azarkeşlərlə yanaşı, hətta vaxtilə bu komandanın şərəfini qorumuş sabiq futbolçular da “Liverpul”u tənqid etməyə başlamışdı.
Məsələ burasındadı ki, klub həmin işçilərinin maaşının cəmi 20 faizini ödəyəcəyini, yerdə qalan 80 faizin isə dövlət tərəfindən ödəniləcəyini bəyan etmişdi. Lakin ciddi etirazlardan sonra klub geri addım atmaq məcburiyyətində qalıb. Bu barədə “Liverpul”un rəsmi saytı məlumat yayıb. Hər kəsdən üzr istəyən klub rəhbərliyi bu qərarın da ləğv olunduğunu açıqlayıb.
Klubun CEO-su Peter Mur açıqlamasında ciddi səhvə yol verdiklərini etiraf edib: “Məqsədimiz hansısa işçini çıxarmadan və ya maaşını endirmədən kluba ziyan dəyməməsinə nail olmaq idi. Ötən həftə səhv qərar verdiyimizə inanırıq və buna görə çox üzülürük. Artıq başqa alternativlər düşünməyə başlamışıq”.
Qeyd edək ki, Premyer Liqanın digər təmsilçilərindən “Nyukasl”, “Tottenhem”, “Bornmut” və “Norviç Siti” də işçiləri ilə bağlı oxşar qərarlar qəbul etmiş və ciddi tənqidlərlə üzləşmişdi.