Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" hücum xəttini gücləndirməyi planlaşdırır.

Rekord.az xəbər verir ki, Ağdam klubu "Srvena Zvezda"nın futbolçusu Milan Pavkovu heyətinə qatmaq istəyir.

Bu barədə Serbiyanın "B92" nəşri məlumat yayıb. 26 yaşlı hücumçunun da "Qarabağ"a keçməyə müsbət yanaşdığı bildirilib.

Qeyd edilib ki, “Qarabağ” serbiyalı forvardın maliyyə şərtlərini qəbul etsə, transfer həll olunacaq.

2017-ci ildən "Srvena Zvezda"da çıxış edən Milan Pavkov 2018/2019 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində oynayıb və "Liverpul"la oyunda dubl edib.

O, Serbiya Superliqasının son mövsümündə isə 20 oyuna 7 qol vurub, 3 qol ötürməsi edib.