“Şaxtyor” Kiyev “Dinamo”suna qalib gələrək (3:0), Ukrayna Superkubokuna sahib çıxıb.

Rekord.az xəbər verir ki, qarşılaşmadan sonra “Dinamo”nun baş məşqçisi Mirça Luçesku sabiq komandasını ittiham edib.

O, donetskliləri aqressiv davranışa görə qınayıb: “Oyundakı aqressiya xoşuma gəlmədi. Rəqibin ehtiyat oyunçular skamyasında oturanların davranışı da xoşagələn deyildi. Oradan mütəmadi olaraq biz tərəfə qışqırır, nə isə deyirdilər.

Yəqin ki, bir gün əvvəlki söhbətin davamını edirdilər. Guya hakimlər bizə kömək edirlər. Amma mən belə hesab etmirəm.

Düşünürəm ki, onlar bizə, məşqçilər korpusuna və futbolçulara hörmət bəsləmirlər. Əvvəllər bu haqda danışmırdım, amma indi bizə hücum edirlərsə, susa bilmərəm.

Bu gün rəqib tərəfdə “feyr-pley” yox idi. Ölkənin ən güclü iki komandasının oyununda belə ab-hava yaratmaq düzgün deyil. Bu, çempionata rəng qatmır”.