"Ludoqorets"i keçmək mümkündü
- 13 Avq 2024 14:03
- 220
Beləliklə, axşam “Qarabağ” ÇL-də çox vacib oyuna çıxır, “tamam, yoxsa davam” matçıdı. Qarşılaşma barədə fikirlərimi bölüşüm, çalışacam maksimum qısa olsun.
* * *
İlk oyunda baş verənləri hamımız gördük. Rəqib çox ağıllı oynadı, “Qarabağ”ı çox yaxşı analiz etdiklərini gördük. Bolqarlar hətta oyunun hakiminin də idarəetmə tərzini öyrənmiş, ona güvənərək çox sərt, bəzən isə kobud oynayaraq təmsilçimizin oyun planını poza bilmişdi. Bugünkü qarşılaşmanın hakimi Simone Sozza da elə ondan geri qalmır, qırmızı vərəqə verməklə arası yoxdu, kontakt futboluna imkan verir və bunu da cavab matçında nəzərə almaq lazımdı. Bakıdakı matçın təkrarı ola bilər.
* * *
“Ludoqorets” təcrübəli komandadı, illərdir ardıcıl olaraq qruplarda oynayırlar. “Qarabağ” kimi. “Ludo”ya Bolqarıstanın “Qarabağ”ı desək, yanılmarıq. “Qarabağ” (“)“Qarabağ”(“)a, daş qayaya rast gəlib. Məcazi mənada desək, təmsilçimiz ÇL-də yoluna davam etmək üçün özünə qalib gəlməli, öz başından yuxarı tullanmalıdı.
* * *
Rəqibin oyunöncəsi fiziki vəziyyəti normaldı, çempionat matçları təxirə salındığından istirahət edə bilib, belə demək olarsa, yaralarını sağalda biliblər (itkiləri var, bu barədə danışacağıq). “Qarabağ” da təxmini eyni durumdadı. Çünki son 15 dəqiqə istisna olmaqla “Kəpəz”lə matçda meydanda ehtiyat skamya sakinləri olublar. Şahruddin və Musanı çıxmaqla zədəli yoxdu, onlar zatən əvvəldən planda yox idilər, ona görə komandanı fiziki olaraq döyüşə hazır saymaq olar.
* * *
İşin mənəvi tərəfinə gəlincə, təbii ki, üstünlük rəqibdədi. Səfərdə qalib gəliblər, cavab matçını evdə oynayırlar, hesabda da üstündülər, rahatdılar. Eyforiyaya qapılsalar, lap əla olardı, amma buna ümid etməklə meydana çıxmaq olmaz. Bolqarlar təcrübəlidilər, ÇL-də isə ən vacib xüsusiyyət təcrübədi. Bu, hazırlıqdan, heyətin gücündən daha öndə gəlir. Təcrübə isə eyforiyaya qapılmamağa, təmkinli olmağa imkan verir. Amma “Qarabağ” da təcrübəlidi və bu təcrübə ilk oyunda məğlubiyyətin son olmadığını bilməyə imkan yaradır.
* * *
Rəqibin itkiləri var. Nə qədər özlərini o yerə qoymasalar da, qırmızı alan Vidal və zədələnən Tekpeteyin yoxluğu oyunlarına təsir edəcək. Start heyətinin iki əsas üzvünün olmaması istənilən komandanın balansını poza bilər. Pozacaq da. Statistikaya baxın: bu avrokubok mövsümündə “Ludoqorets” 5 matça çıxıb, bu oyunların hamısında meydanda olan cəmi 7 nəfər var, onlardan ikisi məhz Vidal və Tekpeteydi. Bolqarların vurduğu 7 qolun 3-də də bu iki nəfərin imzası var. Hiss ediləcək itkilərdi. Heyətdə 20-yə yaxın legionerin olması da xilas etmir. Qəribə səslənsə də, əsas heyət oyunçusu əsas heyət oyunçusudu.
* * *
“Qarabağ” nadir hallarda öz oyun üslübundan imtina edir. İndi o qədər vaxt da yox idi ki, nəsə xüsusi dəyişiklik edilsin, sxemdə, strategiyada fərqli addımlar atılsın. Düzdü, “Şerif” və “Göteborq” nümunələri yadımızdadı, orda Qurban Qurbanov gözlənilmədən 3-lü müdafiəyə keçmiş, orta xətdəki oyunçulara fərqli tapşırıqlar vermiş, fundamental fərqlərlə döyüşə atılmışdı. İndi də belə ola bilərmi? Ehtimal var, amma azdı. Böyük ehtimalla, “Qarabağ” eyni üslubda, amma daha hücumeylli oynayacaq, ilk dəqiqələrdən pressinqi işə salıb, nəticə qazanmağa çalışacaq. Top saxlamaq öz yerində, ancaq mərkəz yarımmüdafiə xəttində yer alan oyunçulardan birinə daha çox hücumda vaxt keçirmək tapşırığı verilə bilər. Start heyətində olmasa da, gedişatda Romao və ya Yankoviçdən biri əvəzlənə, Leandro Andrade (çox az ehtimal var ki, bu iş Aleksey İsayevə də tapşırılsın) Benziya ilə ortada oynaya, sağ cinahda yarımmüdafiəyə isə Toral Bayramov keçə bilər. Bu, riskdi, rəqibin əks-hücumları zamanı hücum dalğasının qarşısında tək bir dayaq yarımmüdafiəçisi qala, işinin öhdəsindən gəlməyə bilər. Amma nəticə üçün riskə getmək də lazımdı.
* * *
Oyun planı öz yerində, amma “Qarabağ”ın oyunçularının ya formada, ya da tam lazımi səviyyədə olmaması problem yaradır. Xüsusilə də müdafiə xəttində ciddi boşluqlar veririk. Hələ ötən il “Mölde” səfərində oyunöncəsi mətbuat konfransında Veşoviçə “əvvəlki Markonu nə vaxt görəcəyik” sualını vermişdim, adam az qala mənimlə davaya çıxmağa hazır idi. Sərt danışmışdı, amma sonradan üzrxahlıq elədi. Mən Markonun çalışqanlığına, əzminə şübhə etmirəm, amma tək bununla iş bitmir. Çernoqoriyalının faydalı iş əmsalı bəzən yüksək olmur, sabitlik görünmür. Eyni problem Leandro Andradedə var. Mateus Silva hücumda yaxşıdı, amma müdafiə planında axsayır. Qapıçı Fabian Buntiçi də xilaskar kimi görmürəm. Siyahını uzatmaq olar.
* * *
Tur keçmə şansları hələ ki, 55-45 “Ludoqorets”in xeyrinədi. Bəli, bilirik ki, “Qarabağ” daha yaxşı komandadı, oyunu alınsa, bu qarşılaşmadan 2-3 top fərqli qələbə ilə ayrıla bilər. Amma oyunu alınsa, rəqib imkan versə. Nikbin olaq və inanaq. “Qarabağ” bunlardan da güclü komandaları keçib. Niyə də eyni uğuru yenə təkrarlamasın?
Kənan Məstəliyev