Macar futbolçu: "Qol sayılsaydı, bilmirəm, necə yaşayardım"
- 17 Okt 2019 16:20
- 773
"Azərbaycanla oyunun ilk 45 dəqiqəsində yaxşı oynadıq. Hər şey planlaşdırdığımız kimi idi. 3-4 qol vura və matçın taleyini fasiləyədək həll edə bilərdik. O zaman heç kim 90+2-ci dəqiqədə baş verənlər barədə danışmazdı".
Rekord.az-ın məlumatına görə, bunu Macarıstan millisinin futbolçusu Mate Vida Avro-2020-nin seçmə mərhələsində səfərdə millimizə 1:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edərkən deyib.
"Nemzetisport"a danışan 23 yaşlı yarımmüdafiəçi millimizin futbolçusu Bəhlul Mustafazadənin təmiz qolunun sayılmadığı epizoda matçdan sonra yenidən baxdığını söyləyib: "Bəlkə də hakimin səhv etmək zamanı gəlmişdi . Qol sayılsaydı, bilmirəm, necə yaşayardım. Təəssüf ki, komandamızın dəfələrlə hər şeyi məhv edən son dəqiqə qolu ilə məyus olduğunu görmüşəm. Bəxtimiz gətirdi".
Vida çıxış etdiyi Slovakiya "Dunayska Streda"sının düşərgəsinə qayıtdıqdan sonra komanda yoldaşlarının 3 xala görə hollandiyalı referi Dennis Hiqlerə təşəkkür etdiyini də bildirib: "Paltardəyişmə otağında danışa bilmədim. Çünki uşaqlar dərhal içəri girərək, referiyə 3 xal üçün təşəkkürlərini çatdırdılar. İstənilən halda, onlar məni mehriban qarşıladılar, hər iki oyundakı çıxışımıza görə təbrik etdilər".
O, məqsədlərinin Uelsə qalib gəlmək olduğunu vurğulayıb: "Əlbəttə, Millətlər Liqasının "pley-off"una da ümid edə bilərik. Amma Avropa çempionatına yüksəlmək üçün Kardiffdə qələbə qazanmaqdan asan yol yoxdur".