Macarıstan kubokunda Azərbaycan finalı baş tutdu
- 10 Mar 2024 01:59
- 327
Macarıstanda qadın voleybolçuların kubokunun qalibi bəlli olub. "Rekord.az" xəbər verir ki, həlledici matçda Azərbaycan finalı baş tutub.
Belə ki, bu ölkədə forma geyinən millimizin üzvləri Ayşən Abduləzimovanın komandası "Vasas" və Marqarita Stepanenkonun komandası "Bekescsaba" finalda üz-üzə gəliblər. Oyun "Vasas"ın üstünlüyü ilə keçib. 3 set davam edən görüşdə Ayşən və rəfiqələri quru hesablı qələbəyə seviniblər - 3:0 (25:18, 25:20, 25:21). Bu qələbə ilə "Vasas" ötən il olduğu kimi kuboka sahib çıxıb.
Çempionun bəlli olduğu matçda millimizin və "Vasas"ın kapitanı Ayşən 7 dəfə fərqlənib. O, bu xallardan 5-ni hücumda, 1-ni blokda, digərini də eyslə qazanıb. Abduləzimova hücumda 83 faiz nəticə ilə qarşılaşmada bu göstərici üzrə ən yaxşı oyunçu olub. Marqarita Stepanenko isə 15 xal qazanıb. O, 14 dəfə hücumda, 1 dəfə isə blokda fərqlənib.
Qeyd edək ki, "Vasas" 16-cı dəfə Macarıstan kubokunun qalibi olub. Son üç mövsümdə kuboku kapitanımızla birgə qazanıb.