“Legiya”ya keçəndən sonra həm performansı, həm də komandasının heyətində yoxlama matçlarında vurduğu qollar ilə Azərbaycan mediasının gündəmindən düşməyən Mahir Emreli daha bir maraqlı addımla diqqəti çəkib.

Millinin forvardı meneceri ilə yollarını ayırıb. Varşava təmsilçisinə keçid zamanı böyük köməyi dəyən Tural Əsgərov artıq onunla çalışmayacaq. Redaksiyamıza daxil olan məlumata görə, Mahirə bu işdə ailəsi və qohumları kömək edəcək.

Həm məlumatı dəqiqləşdirmək, həm də Emrelinin gələcəyi ilə bağlı qaranlıq qalan müəyyən məqamları öyrənmək üçün anası ilə əlaqə saxladıq. Elnurə xanımla oğlunun hansı menecerlə işləyəcəyi, ailəsinin onun yanına nə zaman köçəcəyi barədə söhbətləşdik.

- Elnurə xanım, Mahir özünü necə hiss edir? Darıxmır ki?
- Təbii ki, yox. Hər şey qaydasındadı. Komandasına uyğunlaşmağa çalışır. Hər şey onun üçün daha yaxşı olacaq.

- Bizdə olan məlumata görə, Mahir meneceri Tural Əsgərovla yolları ayırıb. Bu informasiya nə qədər doğrudu?
- Bəli, məlumat düzdü. Mən belə qənaətə gəldim ki, Turalın vaxtı yoxdu. Onun işi çoxdu. Sözün düzü, təklif menecerin özündən gəldi. Biz də buna hörmətlə yanaşdıq. Başqa qeyri-adi nəsə olmadı. Yenə deyirəm, mən belə qənaətə gəldim ki, onun vaxtı yoxdu. Məhz bu səbəbdən yolları ayırmağa qərar verdi.

- Sirr deyilsə, ona bu işdə kim kömək olacaq? Agentlik məsələlərini kim edəcək?
- Onsuz da biz ailəliklə, hətta nəsillikcə Mahir Emrelinin agentiyik (gülür).

- Ender Osman adlı türk menecer bu işdə Mahirə kömək edəcək?
- Xeyr!

- Mahir onunla da yolları ayırıb?
- Onun Turaldan başqa meneceri olmayıb. Elə indi də heç kimlə işləmir. Hansısa agentlə də müqavilə bağlamaq fikrimiz yoxdu. Ən azı 3 il belə olacaq. Lakin proseslərin necə inkişaf edəcəyini zaman göstərəcək. Allahdan xeyirlisini diləyək.

- Elnurə xanım, nə vaxtsa Mahirin yanına köçməyi planlaşdırırsız?
- Bacısı bu yaxınlarda Mahirin yanına gedəcək. Mən hələ ki burdakı işləri yoluna qoymağa çalışıram. Bilmirəm, özüm nə vaxt oğlumun yanına gedəcəm. Bu haqda nəsə desəm, yalan olar.

- Bacısı həmişəlik köçür Mahirin yanına, yoxsa elə-belə baş çəkməyə gedəcək?
- Aişə (Mahirin bacısını nəzərdə tutur – red.) onsuz da İtaliyada təhsil alır. 3-4 ildi ki, Milanda yaşayır. İndi koronavirus pandemiyası səbəbindən dərslərini onlayn keçir. Mahir özü bizi yanında görmək istəyir. Yəqin ki, bilirsiz, ailəyə çox bağlı biridi. Bu səbəbdən də böyük ehtimalla Varşavada bir yerdə yaşayacağıq. Ən azı evlənənə kimi belə olacaq (gülür).

- Mahirin daha yaxşı çıxış etməsi üçün başqa nə etməyi planlaşdırırsız?
- Onun rahat yaşaması, yaxşı oynaması üçün nə lazımdısa, edəcəyik. Futbolçu üçün motivasiya çox önəmlidi. Mahir üçün necə yaxşı olacaqsa, biz də ona görə dəstək olacağıq. Həmişə belə olub. Bu tərzdə də davam edəcək.

- Daha Mahirin meneceri olaraq sizinlə tez-tez əlaqə qurub, oğlunuz barədə məlumatlar ala bilərik?
- Hər zaman. Çalışacam ki, meneceri kimi özümü yaxşı tərəfdən göstərim (gülür). ("Futbol plus")