Mahir Emrelidən azarkeşlərə müraciət
- 15 Okt 2024 14:15
- 159
Azərbaycan millisinin futbolçusu Mahir Emreli UEFA Millətlər Liqasında ötən gün baş tutan Slovakiya ilə oyundan sonra azarkeşlərə müraciət edib.
Rekord.az xəbər verir ki, hazırda Almaniyanın 2-ci Bundesliqa təmsilçisi "Nürnberq"in formasını geyinən hücumçu fanatların dəstəyinin vacib olduğunu vurğulayıb.
Slovakiya ilə oyunda qırmızı vərəqə ilə cəzalandırılan futbolçu daha çox məşq və inkişaf etməyə çalışacağını bildirib:
"Hörmətli azarkeşlər, ilk öncə dəstəyinizə görə təşəkkür edirəm! Hər biriniz içimdə olan vətən, bayraq sevgisini yəqin ki, bilirsiniz. Uşaq yaşlarımdan müxtəlif yaş qruplarında oynamışam və uzun müddətdir ki, milli komandanın üzvüyəm. Bəzən içimdəki qalib olmaq istəyi həddindən artıq çox olur. Bu istəyi oyunumda hər zaman göstərmək istəmişəm! Bəzən alınır, bəzən isə yox, Futbol saniyə oyunudur. Elə olur ki, qol vurmaqdan çox, bəzən qolun qarşısını da almaq lazım olur və nəticə vərəqə ilə sonuclanır. Durum nə qədər əleyhimə görünsə də, inanıram ki, futbol azarkeşləri məni başa düşür. Təbii ki, tənqid qaçılmazdır və mən sağlam tənqidə hər zaman açığam! Bir də bilirəm ki, uman yerdən küsərlər, ona görə mənə qarşı olan istəyiniz və təzyiqiniz çoxdur. Bu məni qorxutmur, əksinə, sevindirir. Daha yaxşı olmağa, daha çox məşq etməyə və daha çox inkişaf etməyə məni sövq edir. Ümid edirəm ki, qarşıdakı oyunlarda qollarım ilə sizləri sevindirəcəyəm! Tənqidiniz də, sevginiz də, dəstəyiniz də mənim üçün çox dəyərlidir!"