Avropa Liqasının C qrupunda "Legiya" doğma meydanda "Lester"i məğlub edib. Qarşılaşmanın yeganə qolunu Mahir Emreli vurub.

Rekord.az xəbər verir ki, 24 yaşlı futbolçu klubun rəsmi saytına açıqlamasında bunları söyləyib:
 

“Hələ matçdan əvvəl demişdim ki, bu oyundan tək azarkeşlər yox, futbolçular da zövq almalıdı. Bu, cəmi 90 dəqiqəlik şou idi. Komandama qələbə qazandırdığım üçün xoşbəxtəm. Yaxşı oynadıq, sonadək mübarizə apardıq və 3 xal əldə etdik. Hər kəsi təbrik edirəm.

Qolu necə vurdum? Çərçivəni görən kimi topa zərbə vurdum. Belə də lazım idi. Kimin fərqlənməsi önəmli deyil. Əsas odur ki, qalib gəldik.

Matçdan öncə heç bir komanda yoldaşım rəqibdən çəkinmirdi. Əlbəttə, onlara hörmət edirik. "Lester Siti" əla komandadı. Amma müasir futbolda hər şey mümkündür. Hamımız eyni fikirdə idik: biz illərdi gözlədiyimiz şey uğrunda mübarizə aparırıq. Topdan zövq alanda işlər də qaydasında gedir”.