Azərbaycan Premyer Liqasının 5-ci turundan təxirə salınan “Qarabağ” – “Səbail” oyunu meydan sahiblərinin futbolçusu Mahir Emreli üçün əlamətdar olub.

Rekord.az xəbər verir ki, Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsinə iki qolla töhfə verən hücumçunun rəqib qapısından keçirdiyi ilk top yubiley xarakteri daşıyıb. Bu, forvardın Azərbaycan çempionatlarında 50-ci qolu olub.

Dünənki matçadək 49 dəfə fərqlənən Emreli ikinci qolu ilə bu rəqəmi 51-ə çatdırıb. O, bütün qollarını “Qarabağ”da vurub. Mahir Premyer Liqada 130 görüş keçirib. Millimizin üzvünün orta məhsuldarlığı 0,39-a bərabərdir.

İlk qolunu 2015/16 mövsümündə vuran hücumçu 2015-ci il avqustun 23-də AZAL-la səfər qarşılaşmasında (2:0) qol hesabını açıb. O, həmin çempionatı 7 qolla tamamlayıb. 2016/17 mövsümündə 3, 2017/18 mövsümündə 8, 2018/19 mövsümündə 16, 2019/20 mövsümündə 7 dəfə fərqlənən futbolçu cari çempionatda 10 dəfə rəqib qapısına yol tapıb.

Emreli Azərbaycan çempionatlarının 29 illik tarixində 50 və daha çox qol vuran 37-ci futbolçu olub. 51-ci dəfə fərqlənməklə Mehman Baxışov, Viktor İqbekoyi, Vüqar Qəmbərov və Yalçın Bağırovu keçən forvard bombardirlər cədvəlində Həsən Abdullayevlə 32-33-cü yerləri bölüşür.

Qeyd edək ki, siyahıya 183 qola malik Nazim Əliyev başçılıq edir.

Azərbaycan çempionatlarında 50 və daha çox qol vuranlar

1. Nazim Əliyev - 183

2. Müşfiq Hüseynov - 125

3. Rövşən Əhmədov - 116

4. Qurban Qurbanov - 115

5. Samir Ələkbərov - 115

6. Alay Bəhramov - 108

7. Nadir Nəbiyev - 103

8. Xaqani Məmmədov - 102

9. Vadim Vasilyev - 102

10. Kənan Kərimov - 101

11. Musa Qurbanov - 94

12. Fazil Pərvərov - 89

13. Samir Musayev - 88

14. Fərrux İsmayılov - 85

15. İmamyar Süleymanov - 85

16. Samir Əliyev - 84

17. İsmayıl Məmmədov - 76

18. İlham Məmmədov - 74

19. Azər İsayev - 73

20. Paşa Əliyev - 72

21. Badri Kvaratsxeliya - 71

22. Zaur Ramazanov - 70

23. Yunis Hüseynov - 66

24. Mahir Əliyev - 65

25. Vidadi Rzayev - 65

26. Georgi Adamiya - 61

27. Mahmud Qurbanov - 61

28. Ramiz Məmmədov - 61

29. Rauf Əliyev - 61

30. Rəşad Abdullayev - 58

31. Vaqif Cavadov - 53

32. Həsən Abdullayev – 51

33. Mahir Emreli - 51

34. Mehman Baxışov - 50

35. Viktor İqbekoyi - 50

36. Vüqar Qəmbərov - 50

37. Yalçın Bağırov - 50