Futbol üzrə Xorvatiya millisinin qapıçısı Dominik Livakoviç bir dünya çempionatında penaltilər seriyası zamanı ən çox qurtarışa imza atmaqla rekordu təkrarlayıb.

Rekord.az xəbər verir ki, 27 yaşlı qolkiper Qətərdə keçirilən mundialın 1/4 final mərhələsində Braziliya ilə görüşdə rəqibin bir zərbəsini dəf edib.

Əsas vaxtı heç-heçə (1:1) bitən qarşılaşmanın penaltilər seriyasında komandasının 4:2 hesablı qələbə qazanmasına Rodriqonun zərbəsini qaytarmaqla töhfə verən Livakoviç DÇ-2022-də 4-cü belə uğuruna imza atıb. O, 1/8 finalda Yaponiya ilə oyunun penaltilər seriyasında da 3 seyv etmişdi.

Livakoviçə qədər DÇ-1990-da argentinalı Serxio Qoykoçea, DÇ-2018-də isə həmyerlisi Daniel Subaşiç penaltilər seriyaları zamanı 4 seyvlə yadda qalıblar.

Xatırladaq ki, Livakoviç Azərbaycan yığmasının yarımmüdafiəçi Mahir Emreli ilə birgə Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasında forma geyinir.