Mahir Emrelinin çıxış etdiyi "Legiya" Polşa Ekstraklasasında növbəti matçına çıxıb.

Rekord.az xəbər verir ki, Varşava təmsilçisi 10-cu turda Qdanskda "Lexiya" ilə üz-üzə gəlib və uduzub.

Millimizin hücumçusu görüşün 46-cı dəqiqəsində portuqaliyalı Rafa Lopesi əvəzləyib. "Legiya"nın yeganə qolunu 88-ci dəqiqədə Tomas Pekhart vurub. O, penaltidən fərqlənib.

Bu nəticədən sonra "Lexiya" 19 xalla turnir cədvəlində 2-ci, digərlərindən 2 oyun az keçirən "Legiya" isə 9 xalla 15-ci pillədədir.

Mahir meydana gec daxil olmasını üç gündən bir oyun keçirmələri ilə əlaqələndirib. “Özümü yaxşı hiss edirəm. Məşqçi oyundan əvvəl məndən soruşdu, özümü bir az yaxşı hiss etmədiyimi dedim.

Amma yaxşı təsir bağışladığım matçlar da var. Bir az yorğunluq var idi, çünki bundan əvvəl biz də hər üç gündən bir çıxış edirdik.

Üstəlik, Polşa kubokunda da bir görüş keçirmişdik. Ən azı mənim üçün çox uzun yol idi. Bu, yalnız məşq və ya matçlarla bağlı deyil.

Bəzən oyunlara gedib-qayıtmaq üçün çox yol qət etməli oluruq. Bu da insanı yorur. Təbii ki, bu bir bəhanə deyil. Məşqçi nə vaxt heyətə daxil etsə, yüz faiz gücümüzlə oynamalıyıq”.