Mahir Şükürov Türkiyədən danışdı: " Hamımız ölüb gedəcəyik, harada qırıldı, qırıldı" MÜSAHİBƏ
- 11 Apr 2020 12:00
- 782
Rekord.az Azərbaycan milli komandasının keçmiş futbolçusu Mahir Şükürovun “Report”a müsahibəsini sizə təqdim:
- Belə xəbərlər yayılıb ki, Türkiyədən Azərbaycana qayıda bilmirsiniz...
- Niyə qayıdım? Oturmuşam da burada. Qayıdıb nə edəcəyəm ki?!
- Axı Azərbaycan hökuməti öz vətəndaşlarının ölkəyə qayıdışını təşkil edir...
- Kimin xarici ölkələrdə qalmağa şəraiti yoxdursa, hökumət sağ olsun, onları qaytarır. Məndə isə burada qalmaq üçün şərait var. Ona görə də oturub gözləyirəm. Görək, necə olacaq...
- Yəni, özünüz qayıtmaq istəmirsiniz?
- Hə, özüm istəmirəm. Oturmuşam evimdə, yeməyim-içməyim var. Allaha şükür, şəraitim də yaxşıdır.
- Hansı şəhərdə qalırsınız?
- İstanbuldayam.
- Eviniz İstanbuldadır?
- Bəli.
- Biz isə elə bilirdik ki, eviniz İzmirdədir...
- İzmirdə də var. Hazırda İstanbulda o qədər binalar tikilir ki, 40-50 minə mənzil ala bilərsən.
- Belə çıxır ki, hər şəhərdə bir ev almısınız...
- (Gülür). Almışıq da. Onsuz hamımız ölüb gedəcəyik. Harada qırıldı, qırıldı.
- Xeyirli olsun!
- Allah köməyiniz olsun! Hərdən futbolçu dostlarımız gəlir, onlarla deyib-gülürük. Sonra hərə öz evinə gedir. Biz azərbaycanlılar bir az qonaqpərvərik axı...
- Bəs, Türkiyədə karantin rejimi yoxdur?
- Azərbaycandakı kimi deyil. Marketə rahat gedə bilirik. Həmçinin dostlarım da yaxında qalır.
- Amma restoranlar bağlıdır...
- Hər yer bağlıdır. Yalnız marketlər və apteklər işləyir. Hər yerdə ara məsafəsi saxlamaq lazımdır. Şəhərdə gəzim, bunu edim-onu edim, belə şeylər yoxdur.
- Subaysınız. Yemək-içmək məsələsini necə həll edirsiniz?
- Evdə xadimə var, o bişirir.
- Sifarişlə yemək gətirirlər?
- Hə, o xidmət də var. Əvvəl Türkiyədə insanlar restoranlarda yemək yeyirdi. İndi isə hamı özü bişirib-yeyir. Vəziyyət elədir ki, restoranlara da güvən yoxdur. Ən yaxşısı, alıb evdə bişirməkdir. Bilirsən ki, öz əlindən çıxır.
- Görüşdüyünüz futbolçular kimlərdir?
- Çox deyil. Birlikdə oynadığımı 1-2 futbolçu var, darıxanda gəlib baş çəkirlər, bir az söhbət edirik, sonra çıxıb gedirlər.
- Aralarında tanınmışlardan kimsə var?
- Bilirsiniz, burada heç kim bayıra çıxmır, qaydalara riayət edir. Hamı bir-birindən qorxur.
- Belə çıxır ki, yalnız siz qorxmursunuz...
- İnsanam, mən də ehtiyat edirəm. Darıxanda zəngləşirik. Onlar evlidirlər, mən isə subayam. Ona görə mənim evimdə yığışırıq.
- Maskadan, spirtdən istifadə edirsiniz?
- Açığı, spirtdən istifadə etmirəm. Türkiyə istehsalı olan "Cologne"dən yararlanıram. Tərkibi əsasən limon suyundan və az miqdarda spirtdən ibarətdir. Təkcə spirt insana ziyandır. Oxuyuram, neçə nəfər etil spirtindən zəhərlənib.
- Dini baxımdan da düzgün deyil?
- Alaha qurban olum, belə vəziyyətdə insan özünü qorumalıdır. Birincisi, onu içmirsən, əlini dezinfeksiya edirsən. Ən yaxşısı, mənim istifadə etdiyim məhluldur. Tibbi spirt adamın sifətinin dərisini qurudur.
- Hər gün Türkiyədə koronavirusdan 50-100 arası insanın öldüyü barədə xəbərlər yayılır. Yerli əhalinin bu cür informasiyalara reaksiyası necədir: İnsanlarda, sizin özünüzdə qorxu, təşviş varmı?
- Əlbəttə, təşviş var. Amma biri deyir, yalandır, biri deyir, düz söhbətdir. Bütün telekanallar bundan danışır. Ona görə də camaat istər-istəməz panikadadır, qorxur. İnanmıram ki, virus qurtardıqdan sonra insanlarda əvvəlki münasibət olsun. Artıq psixoloji baxımdan hamının beyninə yeriyib. Koronavirusdan sonra da insanlar bir-biriləri ilə məsafə saxlayacaqlar.
- Bu məsələyə şəxsi münasibətiniz necədir: Koronavirus məsələsi doğru söhbətdir?
- Yəqin ki, doğrudur. Düzdür, yaxınlarımdan soruşuram, tutulan olmayıb. Amma televiziyada göstərilənləri hamımız görürük.
- Orada bu xəstəlikdən ölənlərin dəfnlərini göstərirlər?
- Yox. Heç virusa yoluxanların müalicə olunduqları xəstəxanaların içini də göstərmirlər. Sadəcə, kənardan çəkirlər: Filan klinikaya bu qədər adam apardılar, neçəsi sağaldı. Ona görə də televizora çox baxmıram. Bütün telekanallar koronavirusdan danışır ki, bu da insanın psixologiyasına mənfi təsir edir. Televizordan uzaq olmağa çalışıram.
- İstər-istəməz belə sual yaranır: Mahir Şükürov nəyə görə işsiz-gücsüz İstanbulda oturmalıdır?
- Yox, işsiz-gücsüz deyiləm. Birincisi, İstanbul mənim ikinci vətənimdir. İkincisi, şükür Allaha, oynadığım vaxtlardan ağılla-başla istifadə etmişəm, gələcəyimi qurmuşam. Sağ olsun, ölkə başçısı o vaxt bizə qayğı göstərdi, biz də bundan yararlandıq. Bu gün də bunun bəhrəsini görürük. Əsas odur, yemək-içməyimiz, dolanışığımız var.
- Türkiyə özünüzə iş qurmusunuz?
- Menecerlik edirəm. Burada Fransanın PSJ klubunun uşaq məktəbi var, azyaşlı uşaqları oraya göndərirəm.
- Menecerlik deyərkən bunu nəzərdə tutursunuz?
- Bəli, bu işlərlə məşğul oluram.
- Sizi oraya kim dəvət edib?
- O vaxt “Karşıyaka”da oynayanda tərcüməçi var idi, həm ingiliscə, həm də fransızca bilirdi. Belçikada böyüyüb, bir neçə dildə sərbəst danışır. Onu öz evimə dəvət etdim. İstəmədim ki, bazada qalsın. Beləcə dost olduq. Türkiyədə fransız dilini bilənlər elə də çox deyil. Ona görə də dünyanın çox yerində fransızca bilənləri axtarırlar. Çünki bu gün Fransadan başqa bir çox ölkələr var ki, bu dildə danışırlar. Həmin adama da belə bir təklif oldu. O da gəlib mənimlə məsləhətləşdi. Birlikdə işə başladıq. Rikardu Kuarejmanın oğlu da bu məktəbdə məşq edirdi.
- Səhv etmirəmsə, Kuarejma özü hazırda “Kasımpaşa” klubundadır...
- Hə, “Beşiktaş”dan ayrılandan sonra ailəsi ilə birlikdə Portuqaliyaya qayıtdı. Çünki burada qalacağını bilmirdi. Ona görə uşağı məktəbdən çıxardı. Sonradan isə yenidən Türkiyəyə gəlib, “Kasımpaşa”ya keçdi.
- “Kasımpaşa” da İstanbul təmsilçisidir. Ola bilər, Kuarejmanın oğlu yenidən PSJ-nin məktəbinə gəlsin?
- Əlbəttə. Qapımız hər bir uşağın üzünə açıqdır. Virus yayılana qədər məktəbə axın çox idi. Məsələn, dostlarımız artıq İzmirdə də PSJ-nin məktəbini açıb.
- PSJ-nin məktəbi neçə aydır açılıb?
- 1 ildən çoxdur. Mən də açılandan oradayam. Bu məktəbi Bakıda da açmaq istəyirdik. Amma bunun üçün yaxşı şərait olmalıdır. İstanbulda elədir ki, əhali çoxdur. Uşaqları belə məktəblərə qoymaq üçün valideynlərin pulu var.
- Yəni, pullu məktəbdir...
- Bəli. Amma burada belə bir şey də var: Bu uşaqlar hansısa turnirdə uğur qazanıblarsa, onları, məsələn, PSJ - “Real Madrid” oyununa dəvət edib, matçdan əvvəl 50-60 minlik azarkeşin qarşısında kubok təqdim edirlər, mükafatlandırırlar. Bu yolla onlara stimul verirlər. Bir də görürsən, məktub gəlir ki, PSJ-nin oyunu var, istəyirsinizsə, kollektiv şəkildə gəlb stadiondan matça baxa bilərsiniz. Biz də valideynlərə deyirik ki, bunun filan qədər xərci var.
- AFFA-nın köməyi ilə Azərbaycan millisində çalışmaq variantınız da var idi. Hətta yığma ilə səfərə də getmişdiniz...
- Bu suala qayıtmaq istəmirəm. Bu barədə sonra danışarıq.
- O söhbət artıq bağlandı?
- Yox, hələ gündəmdədir. Pandemiya bitsin, görək, necə olur.
- Həmin vaxt işə düzəlməmişdiniz?
- Baş katib məsləhət görmüşdü, mən də U-17 ilə səfər getmişdim.
- Azərbaycandakı yaxınlarınız, ailənizlə əlaqə saxlayırsınız?
- Bəli, danışıram.
- Nə deyirlər? Ümumiyyətlə, Azərbaycan Türkiyədən necə görünür?
- Demək olar, eyni görünür. Şəhər bomboşdur. Yeganə fərq SMS-lə bağlıdır. Bakıda marketə, aptekə getmək üçün icazə alırsan. Burada isə elə bir şey yoxdur.
- Azərbaycan xalqına nə demək istərdiniz?
- Hamı möhkəm olsun, cənab Prezidentin tapşırıqlarına ciddi əməl etsin. Qalan hər şey düzələcək. Bilirəm, hazırda vəziyyət pisdir, elə insanlar var ki, günəmuzd işləyirlər. Buna baxmayaraq, birinci sağlamlıqdır. Dövlət əlindən nə gəlirsə, edəcək.