Mahir Şükürov Yurçeviçi Obradoviçə, AFFA-nı hər ikisinə qatdı: "Bizə döşəkağı paylayırdı" MÜSAHİBƏ
- 19 Okt 2019 15:00
- 1390
Azərbaycan milli komandasının sabiq müdafiəçisi Mahir Şükürov sportinfo.az nmüsahibə verib. Rekord.az həmin müsahibəni sizə təqdim edir:
- Azərbaycan millisi son görüşündə Macarıstana uduzdu. Yığmamızın çıxışını necə dəyərləndirirsən?
- Ramil Şeydayevin oyundan sonra verdiyi müsahibəni oxudum. Doğurdan ona halaldı. Başqalarının nəsə deməyinə ehtiyac yoxdur, özü hər şeyi açıq-aydın deyib də. Oyunun içində olan futbolçu özü deyir ki, “bu cür oyunumuza görə utanıram”.
- Ramilin fikirlərilə tam razısan?
- Əlbəttə, razıyam. Macarıstanın əvəzinə Almaniya, Portuqaliya olsa, deyərəm hə, heç nə olmaz, rəqib güclüdür, imkan vermirlər. Macarıstanla oyunda sona beş dəqiqə qalmış yığma vuruşmağa başladı. Halbuki birinci dəqiqədən və ya ikinci yarı başlayandan bu cür oynasaydı, hər şey başqa cür ola bilərdi.
- Bəlkə Nikola Yurçeviç futbolçuların səviyyəsinə bələddir deyə, komandanın daha çox sona 5 dəqiqə qalmış hücuma keçməsini istəyib?
- Nikola Yurçeviçin heç nə edə bilməyəcəyini onsuzda demişdim. Bildirmişdim ki, iki oyun sonra onun üçün "istefa" qışqıracaqlar. Macarıstan və Slovakiyaya uduzduq evdə, hamı istefa qışqırdı. Bir xal olacaqdısa, milyonları legioner məşqçilərə niyə verirsizki? Niyə gəlib pullarımızı aparmalıdırlar? Sonra da deyəcəklər ki, Azərbaycan üçün futbolda bundan artığı yoxdur. Bunu biz çox eşitmişik də, Berti Foqtsun, Robert Prosineçkinin vaxtında da. O cür məşqçilərlə nəticə verə bilmədiksə, Nikola Yurçeviçlə uğur qazana bilərik? Deyirlər, material yoxdu əlimizdə. Axı sən də kişisən, məşqçisən. Görürsən ki, əlində material yoxdu, bəs niyə gəlib müqavilə imzalayırsan? Pula görə? Kimlərsə özünün də qazancı olduğuna görə gətirir onları. Bəs axı, sən də kişisən, səni dünya tanıyır. Gəlməmişdən qabaq deyərdin ki, “sizi Avropa çempionatına çıxmaracağıma söz vermirəm, komanda zəifdir, material yoxdur, xahiş edirəm məndən nəticə istəməyin, nə bacarıramsa, onu da edəcəm”. Millətlər Liqası oldu, dedilər 2020-yə hazırlaşırıq. Nə oldu? Bu hamısı insanların başını aldatmaqdır. Ölkədə futbol yoxdur və olmayacaq. Nə qədər ki, federasiyada dəyişiklik olmayacaq, futbolumuz da olmayacaq. Orada oturanların əksəriyyəti 1000-1500 manata görə şərəfini satan insanlardır. Onlara sərf edir vəziyyət.
- Milli komandanın qrup mərhələsində iki oyunu qalıb. Səncə, Uels və ya Slovakiyadan xal ala biləcək yığma?
- Bu gün bütün rəqiblər bizə üç xal gözü ilə baxır. Ona görə də heç bir komanda bizə xal verməz. Uelslə vuruşsalar, azarkeş dəstəyi altında bəlkə evdə nəsə etmək olar. Amma gedib Slovakiyadan səfərdə xal ala bilməyəcəksən. Slovakiya ac qurd kimi Azərbaycan millisini gözləyir ki, üç xalını qazansın, yerini yaxşılaşdırsın.
- Hazırkı oyun, baş məşqçi, gələcəyə ümumiyyətlə, ümid vermir?
- Mən bu baş məşqçiyə də, bundan sonra gələcək məşqçiyə də heç inanmıram. Material olmayandan sonra, 1-2 oyunçu ilə heç nə olmayacaq. Xaricdən gələn məşqçilər hamısı bu cür olacaq. Gələcək, yalandan final mərhələsinə çıxarmaq sözü verəcək, üç il vaxt keçirəcək, pulunu qazanacaq, sonra bacarmadığını deyib gedəcək. Bu da milliyə xarici baş məşqçi gətirən insanlara sərf edir.
- Çıxış yolunu nədə görürsən?
- Xarici məşqçi gəlir, özü ilə dörd xarici məşqçi gətirir. AFFA son 10 ildə hələ tuta bilməyib ki, bunlar hamısı yalan vədlərdir. Nəyə görə xarici baş məşqçi yanında dörd xarici köməkçisi ilə gəlir? Ola bilməz ki, baş məşqçi xarici olsun, amma yanındakı məşqçilər azərbaycanlı? Yanına yalandan bir azərbaycanlı da atırlar, deyirlər “səsin çıxmasın, ayda 1500 manat alacaqsan”. O da əli cibində guya işi var, gedir o tərəfə, gəlir bu tərəfə. Artıq adam kimi adı gedir orada. Ayıbdır, vallah ayıbdır. Xarici gətirmisən, lap yaxşı, amma yanına dörd azərbaycanlı köməkçi məşqçi ver. Mənə deyirlər ki, millidə 80 oyun keçirmisən, sənə AFFA-dan qayğı olmayıbsa, bizə hansı qayğı olacaq? Görsələr ki, millidə can qoymuş oyunçuya federasiya iş verir, onda heç bir futbolçu danışmaz. Düşünərlər ki, millidə ürəkdən oynayım, sabah futbolu qutarandan sonra mənə də iş versinlər.
- Demək, belə düşünürsən ki, Nikola Yurçeviç tutduğu vəzifədən getməlidir?
- Birmənalı şəkildə getməlidir. Özünü də, köməkçilərini də “upakovka” edib "karqo" ilə göndərmək lazımdır. Camaatın başını aldatmaqla, hər şeyi malalamaqla deyil. Artıq 2020-ci ildir. Bizim vaxtımızda millimiz güclü idi. Sadəcə, rəqiblərimiz də çox güclü idi. İnanın, indiki rəqiblər o vaxtı bizə düşsəydi, biz su kimi keçərdik. O vaxtı Almaniya, Portuqaliya, Rusiya kimi komandalara qarşı oynayırdıq. Heyətləri görürdüz də. Toni Kroos kimi oyunçu Bastiyan Şvaynştaygerə görə heyətə düşə bilmirdi. Deməyim odur ki, biz bu cür rəqiblərə qarşı oynamışıq. İndi əvvəlki futbolçular da yoxdur. Ona görə indiki millilər bir-birinə qarşı mübarizə apara bilir. Əvvəl usta oyunçular çox idi deyə, rəqibə müqavimət göstərmək çox da mümkün olmurdu.
- U-19 yığmamızın baş məşqçisi Samir Əliyev bildirib ki, komandaya lazım olan oyunçunu Milan Obradoviç U-21 yığmasına cəlb edib, amma heç orada da oynatmayıb. Deyir ki, hər şeyi Milanın vicdanına buraxıram. Bu məsələyə münasibətin necədir?
- A milli yığmamızı qoyaq kənara. Götürün, U-21, U-19 yığmasını, bərbad gündədir hamısı. Baxın, onlar hansı hesablarla uduzur rəqiblərinə. Halbuki onlar iki ildən sonra A milli komandamıza oyunçu verməlidir. Əgər xarici məşqçi ilə də U-21 yığmamız 0:5, 0:4 uduzacaqsa, daha ona 30-40 min verməyin nə adı var?Onu elə azərbaycanlı ilə uduzaram da. Milan Obradoviç futbolçularla iclas keçirə bilər. Amma bizim futbolçular onu saymayacaq. Bilirsiz, niyə? Çünki 21 yaşlı futbolçumuz Obradoviçi tanımır, görməyib oyununu. Amma mən, Vaqif Cavadov və ya digəri köməkçi məşqçi kimi orada oturub sözümüzü desək, əlbəttə ki, həmin futbolçu diqqətlə dinləyəcək. Çünki həmin uşaq mənim oyunumu görüb və məni tanıyır. Bilir ki, hansı xarakterə malikəm və ona nə cavab verə bilərəm. Futbol adamlarını qoyublar kənara, futbola dəxli olmayan adamları gətirib "soxublar" ora. Danışmağa çox söz var. Elə şeylər danışaram ki, hamısı başını tutar. Həmişə sözün düzünü demişəm deyə, çox adamın xoşuna gəlməmişəm. Futbol oynayanda da yaltaq olmamışam, indi də. Bəziləri kimi AFFA-nın qabağında yatmıram ki, mənə iş ver. Bundan sonra etmərəm də. İş verirlərsə, oynadığım illərə, əziyyətimə görə versinlər. “Anji”, “Antalyaspor”, Karşıyaka” klublarında Azərbaycanı təmsil etmişəm. Rusiya çempionatının ən yaxşı vaxtında orada oynamışam. Milan Obradoviç uduzandan sonra deyir ki, nəticə razı salmadı, amma top saxlayırdıq. Top saxlamaqla deyil hər şey. Tarixdə nəticə qalır. Başqa sözü yoxdur axı. Nə deməlidir ki? Gələn dəfə də deyəcək ki, komandadan çox razı qaldım, sadəcə, qol çatışmadı. Amma həmin məşqçiyə, onu bura gətirənlərə təzyiq olsa, bəli, onu oradan qovacaqlar. Nəyimizə lazımdır kənardan gələn məşqçi? Xeyri yoxdur da. Qoy, elə özümüzünki işləsin də. Azərbaycanda hara baxırsan, hamıya PRO kateqoriyası veriblər. Futbolu bilənə də veriblər, bilməyənə də. 10 milyon əhalinin içində 200-300 PRO kateqoriyalı məşqçimiz var. Amma yığmada legioner məşqçilər çoxluq təşkil edir. Xarici məşqçilərin adı ilə yaxşı pullar “silirlər”, yerli məşqçi ilə bunu edə bilmirlər. Nəyə görə Azərbaycan futbolunu bu günə qoyursunuz? Eyni pulla, bəlkə də daha az maliyyə ilə Gürcüstan futbolu fəaliyyət göstərir. Amma onların işinə, nəticəsinə baxın. Gürcüstan Futbol Federasiyasında işləyənlərin hamısı gənc və futbolu bilən adamlardır. Yaşlı nəsilə deyiblər ki, yalnız tədbirlərdə ağsaqqal kimi gəlin iştirak edin, gənc nəsil isə işləsin. Amma bizdə necədir? Deyirlər ki, gənc nəsil işləməsin, amma qocalar ölənə kimi işləsin. Ona görə də bu gündəyik. Yusif Vəliyev var, Uşaq Futbol Departamentinin sədridir. 2014-cü ildə biz AFFA-da qalanda, orada balışüzü, döşəküzü verirdi bizə, sonra da qol çəkdirirdi. Bu gün onu futbol departamentinin sədri təyin ediblər. Onda necə olacaq futbolumuz? Bunun futboldan başı çıxmırsa, uşağa nə öyrədə bilər? AFFA-da işləyənlərin çoxunun futboldan başqa çıxmır. Hansısa futbolçu federasiyaya daxil olur, orada işləyənlər var ki, adamın üzünə baxırlar, tanımırlar futbolçunu. Həmin vaxtı istəyirsən deyəsən ki, sən futbolda olmayanda, mən Azərbaycan üçün can qoymuşam. Yəni, təəssüf ki, vəziyyət belədir.