Deyilənə görə, Mahir Əmrəliyə Polşa klublarından təklif gəlib. O da mahircəsinə bu təklifdən imtina edib. Guya təklif ciddi olmayıb, guya təklif göndərən klub ciddi klub olmayıb və s. Dərd orasındadır ki, əksər futbol mütəxəssislərimiz də Mahirin qərarını az qala haqlı sayıb. Sayın. Həm də yerinizdə sayın. Karyeranızı Azərbaycanda başlayıb, Azərbaycanda da bitirin. Sizin Avropada oynamaq fikriniz yoxdur, sadəcə, boş-boş bəhanələrlə bu addımınıza haqq qazandırmağa çalışırsınız. Mahir bu il 24 yaşını tamamlayıb, 25-ə keçəcək. Amma özünü elə aparır ki, sanki hələ də 16-17 yaşı var. Öz qərarıdır, görünür ona “Qarabağ”da oynamaq, Bakıda yaşamaq xoşdur. Amma çıxıb ictimaiyyət qarşısında yalandan danışmasınlar ki, arzumuz Avropada oynamaqdır, təklif olsa bu dəqiqə gedərik, filan. Futbolçu kimi daha da irəli getmək istəyən Polşadan gələn təklifə “hə” deyərdi.

 

Deyirlər ki, çox az maaş təklif ediblər.  Olsun, bir müddət aşağı maaşa oyna. Əgər mənim qabağımda daha güclü çempionatlara, daha güclü klublara keçmək imkanı yaranıbsa, niyə bundan istifadə etməyim? Gəlin görək Polşa harada yerləşir, hansı futbol ölkələri ilə həmsərhəddir, Polşa çempionatından hansı futbolçular parlayıb Avropaya yollanıb. Elə hazırda dünyanın ən güclü futbolçularından olan Levandovskinin adını çəksək, kifayət edər. O Levandovski ki, 10 il bundan qabaq Polşa çempionatında oynayırdı və “Lex”in heyətində qonaq kimi Bakıya gəlib avrokuboklarda ilk qolunu da bizim “Xəzər Lənkəran”a vurmuşdu. Bu gün “Bavariya”nın əvəzedilməz futbolçusudur, qazancı də “Lex”də qazandığından 20 dəfə çoxdur. Demirəm ki, Mahir də gedib “Bavariya”da oynasın. Amma doğurdanda özünə əmindirsə, özünü yaxşı tərəfdən göstərəcəksə, ən azı “Maynts”, “Köln”, “Hoffenhaym” kimi komandaların maraq dairəsinə düşə bilər. Çünki Bundesliqanın maliyyə cəhətdən ortabab və zəif klublarının bir qayda olaraq üz tutduğu futbol bazarlarından biri də  Polşadır. Onlar heç vaxt Azərbaycana gəlib “Qarabağ”ın oyunlarını izləmirlər. Deyə bilərsiniz ki, “Qarabağ” mütəmaddi olaraq avrokubokların qrup mərhələsində oynayır. Amma fakt odur ki, geridə qalan 7 il ərzində Ağdam klubunun heç bir futbolçusu Avropanın ortabab klublarının da maraq dairəsinə düşməyi bacarmayıb. Bəlkə də “Qarabağ” Avropa Liqasının qalibi olsa, ən azı  yarımfinal, final oynasa bu, mümkün ola bilər. Lakin hələlik mümkün deyil.

 

 

Digər bir səbəb: təklif göndərən klublar “Qarabağ”dan zəif deyil, “Qarabağ” bir neçə dəfə Polşa klublarını məğlub edib.  Mənə görə, çox gülməli səbəbdir.  O məntiqlə biz Ukraynadan gələn təkliflərdən də imtina edək ki, “Qarabağ” “Dnepr”i məğlub edib, Rusiyadan gələn təklifə dabanla təpik vuraq ki, bizim “Neftçi” sizin “Arsenal”a iki oyunda  4 qol vurub, Hollandiyadan gələn təklifdən də “otkaz” eliyək ki, biz sizin “Tvente”ni məğlub edib qrupa düşmüşük. Halbuki Hollandiya, Ukrayna və Rusiya çempionatının səviyyəsi ilə Azərbaycan çempionatının səviyyəsini heç müqayisə belə, etmək olmaz. Eləcə də “Qarabağ”ın məğlub etdiyi “Yanq Boyz”un təmsil etdiyi İsveçrə çempionatı da bizim çempionatdan daha üstündür. Niyə biz məsələyə peşəkarlıq, perspektiv tərəfindən yox, azərbaycansayağı tərəfindən yanaşırıq? Mahirin həqiqətən də Avropada oynamaq, daha güclü futbolçu olmaq fikri varsa, getsin Polşada oynasın. Ən azı özünü sınasın. Bəlkə həqiqətən də orda qarşısında böyük perspektivlər açıldı? Bəlkə yaxşı oyunu ilə daha güclü, daha pullu klubların diqqətini cəlb etdi? Ən azı sınamaq olmazdı? Əgər gedib görsəydi ki, heç bir perspektiv yoxdur, əziyyət çəkməyin, oynamağın heç bir mənası yoxdur, qayıdıb gələrdi yenidən Azərbaycana. Gəlib klubsuz qalmayacaqdı ki, elə həmin “Qarabağ”ın qapısı hər zaman onun üzünə açıq olacaqdı. Bir sözlə, biz futbol oynamaq, qabağa getmək istəmirik. İstəsək, çoxdan  buna nail olmuşduq.

 

Anar XANLAROV