Maksim Medvedev: "Milli haqda danışmağım düzgün olmaz"" MÜSAHİBƏ
- 09 Mar 2020 15:20
- 559
"Qarabağ"ın futbolçusu Maksim Medvedev Azərbaycan Premyer Liqasının 20-ci turunda "Keşlə"yə 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Rekord.az həmin müsahibəni sizə təqdim edir:
- Bu gün komandamız həqiqətən də çox güc sərf etdi. Çünki süni ot örtüyü həmişə bizim üçün problem yaradır. Ona görə 2 qat çox güc sərf edirsən. Amma yenə də vuruşurduq, hücumlar qururduq. 2 yaxşı qol da vurduq. Əlbəttə ki, bu oyunda qalib gəlməyi çox istəyirdik. Arzumuza çatdıq. Yolumuza davam etməyi fikirləşirik.
- İkinci yerdə qərarlaşan "Neftçi" ilə aranızdakı xal fərq 8-dir. Sona da 8 tur qalıb. Necə düşünürsünüz, komandada yavaş-yavaş çempionluq ab-havası hiss olunurmu?
- Xeyr, qətiyyən. Çünki biz hər oyuna fərqli sistemdə hazırlaşırıq. Hazırda xal fərqi çoxdursa, azından bunu qoruyub, saxlamalıyıq. Ancaq özümüzü fikirləşməliyik. Demək istəyirəm ki, hər şey bizim əlimizdədir.
- İkinci hissədə sol cinaha keçməyiniz nə ilə bağlı idi?
- Bu sualı baş məşqçiyə versəniz, daha yaxşı olar. Ona görə ki, oyunlarda həmişə axırıncı dəqiqələrdə sol cinaha keçirəm. Baş məşqçi nə isə dəyişiklik edib.
- Həmin mövqedə özünüzü necə hiss edirdiniz?
- Sol cinaha keçəndə məndən daha çox irəli getməyi tələb etmirlər. Onda 3 müdafiəçi kimi qalırıq. Yəni, belə sistem dəyişiklikləri olur.
- Milli komanda üçün baş məşqçi məsələsi hələ də açıq qalıb. Bir çox mütəxəssisin adı hallanır. Bəs, siz hansınız tərəfdarısınız - yerli və ya əcnəbi?
- Mənim bu mövzuda danışmağım düzgün olmaz. Çünki mən futbolçuyam. Sabah əcnəbi məşqçi də olsa, yerli çalışdırıcı da olsa, ona hörmət edib, oyuna çıxacağam.
- Namizəd kimi Rəşad Sadıqovun da adı çəkilir. Onun yığmanı çalışdırması sizə inandırıcı gəlirmi?
- Rəşad hələ futbolçudur, mənim komanda yolaşımdır. Onunla münasibətim çox yaxşıdır. Ona görə də bu haqda bir şey demək istəmirəm. Çox şey danışılır. Amma yalnız danışırlar. 100 faiz, real nə isə olsa, onda söyləmək olar.
- Millətlər Liqasının püşkatmasını necə dəyərləndirirsiniz?
- Yaxşı rəqiblər düşüb. Bizi çətin oyunlar gözləyir. Düzdür, biri deyir, zəif qrupdur, o biri deyir, əvvəlkindən daha güclü komandalardır. Yəni, bu barədə ancaq danışa bilərik. Amma qarşılaşandan sonra biləcəyik ki, hansı komanda hansı gücdədir.