Futzal üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu Moldova yığmasına qarşı keçirəcək Azərbaycan millisi hazırlığını Kişinyovda davam etdirir.

Rekord.az xəbər verir ki, komandamız dünən iki məşqə çıxıb. Əsasən taktiki planda çalışmalara üstünlük verən millinin baş məşqçisi Joze Alesio Da Silva axşam çalışmasından sonra Azərbaycan Futzal Federasiyasının saytına açıqlama verib:

“Atmosfer yaxşıdır. Sadəcə, səfərlə əlaqədar uşaqlarda yorğunluq var idi. Bunu xüsusilə də səhər məşqində hiss etmək olardı. Sanki, yuxulu idilər. Amma axşam hazırlığı zamanı fərqli ab-hava izlədik. Oyunçularım daha istəkli və həvəsli idilər. Heyətdə ciddi zədəsi olan futzalçı yoxdur. Bu da bizi sevindirən cəhətdir”.

Baş məşqçi Bakıda Moldova ilə keçirilən görüşdə sarı vərəqə alaraq cəzalı duruma düşən Rafael Vilelanın yoxluğuna görə çətinliyin olacağını, amma fərqli taktiki variantlar üzərində işlədiklərini də gizlətməyib:

“İlk üç oyunda iki “4-lük” müəyyənləşdirmişdik. Bu dəfə fərqli olacaq. Çünki Vilela sarı vərəqə limitini doldurduğuna görə, cəzalı duruma düşüb. Əlbəttə, hər bir oyunçunun yoxluğu bizim üçün problem yarada bilər”.

Alesio, bu boşluğu doldurmaq üçün fərqli sxem üzərində işlədiklərini deyib: “Hazırda oyunçularımızın hamısı yaxşı formadadır. Rafael bizə çox kömək edirdi, ancaq cəzalı olduğuna görə, əlimizdə olan oyunçularla onun yoxluğunu hiss etdirməməliyik. Məşqlərdə də bunun üzərində işləyirik. Məncə, ciddi çətinlik yaşamarıq”.

O, hər iki komandanın bir-birini yaxşı tanıdığına görə, müəyyən dəyişikliyin qaçılmaz olduğunu gizlətməyib:

“Cəmi üç gün əvvəl qarşılaşmışıq. Hər iki komanda bir-birini yaxşı tanıyır. Buna görə də müəyyən dəyişiklik edəcəyik. Müdafiədə fərqli oynayacağıq, məşqdə də onun üzərində işlədik. Nə etmək istəyirik, edə biləcəyikmi, suallarına aydınlıq gətirdik”.

Millinin baş məşqçisi komanda üçün hər cür şəraitin yaradıldığını, heç bir problemlə üzləşmədiklərini vurğulayıb: “Kişinyovda bizim üçün yaxşı şərait yaradılıb. Zal əla vəziyyətdədir, qaldığımız otel yüksək səviyyədədir, oyunçuların da məşqlərə ciddi, istəkli və həvəslə yanaşması məmnunluq yaradır. Təbii ki, maksimum nəticə qazanmaq üçün mübarizə aparacağıq. Xal itkisi haqda düşünmürük. Qələbə qazanmalı, xal ehtiyatımızı artırmalıyıq. Açığı, riyazı hesablamalar aparmırıq. Qrupun son matçına qədər qələbə qazanmaqla bağlı məqsədimiz dəyişməyəcək”.