“Milan”ın əfsanəvi kapitanı Paolo Maldini koronavirus pandemiyasına yoluxduğu günlərdən danışıb.

Rekord.az xəbər verir ki, “Sky” kanalında Françesko Totti, Alessandro Del Pyero və Xavyer Zanettinin də qatıldığı proqramın qonağı olan İtaliya millisinin sabiq müdafiəçisi bunları söyləyir:

“İdmançı özünü, bədənini yaxşı tanıyır. Mən də keçmiş idmançı kimi öz bədənimi tanıyıram. İlk anda bunun normal bir qrip olmadığını, fərqli bir şey olduğunu dərhal anladım. Bu, yeni bir virusdu və vücudunuz tanımadığı bir düşmənə qarşı mübarizə aparır. Xüsusilə ağrılar çox güclü idi. Məşq etmək üçün idman zalına getsəm də, 10 dəqiqədən çox çalışa bilmirəm. Bu virusu mümkün olan ən qısa zamanda məğlub etməliyik. Bunun da tək yolu bir olmağımızdan ibarətdi. Yalnız bu halda əvvəlki normal həyatımıza qayıda bilərik”.

Xatırladaq ki, “Milan” martın 22-də klubun texniki direktoru Paolo Maldini ilə onun oğlu, 18 yaşlı müdafiəçi Danieldə koronavirus aşkarlandığını açıqlamışdı.