İngiltərənin “Mançeter Yunayted” klubu 2020/21 mövsümündən etibarən azarkeşlərin “Old Trafford” stadionunda oyunları ayaqüstə izləyə biləcəklərini açıqlayıb.

Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Arenada 1 500 nəfərlik tərəfdar üçün təhlükəsizlik baryerlərinin quraşdırılması məqsədilə müvafiq razılıq alınıb. Bu üsuldan növbəti mövsümün sonlarına doğru istifadə ediləcəyi, uğurlu olacağı halda azarkeş tutumunun artırılacağı bildirilib.

Qeyd edək ki, 1989-cu ildə "Hillsboro" stadionunda "Liverpul" və "Nottingem Forest" komandaları arasında keçirilən matç zamanı tribunanın çökməsi nəticəsində 96 azarkeşin ölümünə səbəb olan faciədən sonra İngiltərədə azarkeşlərin ayaqüstə matç izləmələri qadağan olunub.