İngiltərənin "Mançester Yunayted" klubu səkkiz futbolçu ilə vidalaşdığını açıqlayıb.

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Antoni Marsyal və Rafael Varanın müqaviləsi yenilənməyib.

Brendon Uilyams, Çarli Maknil, Markus Lourens və Kay Plamli azad agent statusu alıb. “Mançester Yunayted”in gənclər komandasının oynayan məşqçisi Tom Haddlstounla da müqavilə yenilənməyib. İspaniyalı Alvaro Fernandes isə Portuqaliyanın "Benfika" klubuna keçib.

Mançester təmsilçisi Conni Evans, Tom Hiton və Şola Şortayrla yeni müqavilə üçün danışıqlar aparır. Bundan əlavə, klub Omari Forsona artıq öz təklifini edib.

Qeyd edək ki, "Mançester Yunayted" klubu İngiltərə Premyer Liqasının 2023/2024 mövsümünü 60 xalla 8-ci pillədə başa vurub.