İngiltərənin “Mançester Yunayted” klubu ötən mövsüm üçün maliyyə hesabatını açıqlayıb.

Rekord.az xəbər verir ki, “qırmızı şeytanlar” klubun gəlirlərinin 18 faizlik artımla 538,2 milyon funt-sterlinqə çatdığını açıqlayıb.

Lakin buna baxmayaraq, Mançester təmsilçisi maliyyə ilini 115,5 milyon funt-sterlinqlik zərərlə başa vurub.

Klubun borcu da əvvəlki maliyyə ilinə nisbətdə 95,4 milyon artaraq 514,9 milyon funt-sterlinqə çatıb. Futbolçulara ödənilən maaşın məbləğində də 19,1 faizlik artım var. Hazırda klubdakı maaşların ümumi məbləği 384,2 milyon funt sterlinq təşkil edir. Bununla da “Mançester Yunayted” maaş xərci ilə İngiltərə Premyer Liqasının rekordunu qırıb.

Əvvəlki rekord 355 milyon funt-sterlinqlik maaşla “Mançester Siti”yə məxsus idi. 

“Mançester Yunayted”də maaş xərclərinin artması “Mançester Yunayted”in hücumçuları Kristiano Ronaldo və Ceydon Sançonun, eləcə də müdafiəçi Rafael Varanın keçidi ilə izah olunur.